Mütəllim Rəhimli: “Xədicə İsmayılova izahat verməlidir” AÇIQLAMA

Mütəllim Rəhimli: “Xədicə İsmayılova izahat verməlidir” AÇIQLAMA

"Ümumiyyətlə, Xədicə İsmayılovanın bu hərəkətlərinə birmənalı qiymət vermək çox çətindir". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Xədicə İsmayılovanın 10-a yaxın erməni dostu ilə birgə Varşava şəhərində ATƏT-in zirvə toplantısındakı etirazına münasibət bildirərkən deyib.

Aparat rəhbərinin sözlərinə görə, Xədicə İsmayılova etdiyi bu hərəkətin izahatını verməlidir: "Düşünürəm ki, xaricdə ezamiyyətdə olan hər bir Azərbaycan vətəndaşı ölkəmizin nüfuzunun yüksəlməsi istiqamətində səy göstərməlidir. Xədicə İsmayılova və digərləri də hansısa bir çatışmamazlığı beynəlxalq ictimaiyyət daxilində deyil, ölkə daxilində həllinə çalışmalıdır. Hesab edirəm ki, bu yol həm Azərbaycan dövləti, həm də cəmiyyətimiz üçün daha faydalı olardı".

Xədicə İsmayılovanın "Azadlıq" radiosunun Azərbaycan xidmətinin Bakı nümayəndəliyinə rəhbər təyin olunmasından sonra bu KİV-lərin açıq-aşkar Azərbaycan qarşı düşmənçilik yolu tutmasına da aydınlıq gətirən Mütəllim Rəhimli deyib ki, Azərbaycanda, o cümlədən dünyada fəaliyyət göstərən beynəlxalq media qurumları yerli rəhbərlərin iradəsi ilə hərəkət etmir: "Həmin qurumlar bilavasitə maliyyələşdiyi dövlətin diqtəsini yerinə yetirir. Əgər Azərbaycanda "Azadlıq" radiosu özünün yayım xəttinə dəyişikliklər edirsə, hesab edirəm ki, bu onun maliyyələşdiyi mənbə ilə (ABŞ-la) bağlıdır. Mən bu mənada kiminsə media qurumuna rəhbər gələrək, təbliğat siyasətini dəyişməsinə inanmıram".

Qeyd edək ki, Xədicə İsmayılovanın erməni sevgisi sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında da özünü göstərib. Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni nümayəndənin Dağlıq Qarabağı "müstəqil və demokratik ölkə" kimi təqdim etməsinə etiraz edərək Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Bu zaman X. İsmayılova 10-a yaxın erməni dostu ilə birgə Ə. Şahidova arxa çevirməklə çıxışa etiraz ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə