YAP regionun avanqard siyasi qüvvəsidir FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının yaradılmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər davam etdirilir. SİA-nın xəbərinə görə, sentyabrın 8-də Bəhruz Nuriyev 33 ünvanında yeni ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib. İclasda çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyadan, zamanın təxirəsalınmaz tələblərindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yarandı: "Partiyanın yarandığı gündən ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, bu gün 600 mindən çox üzvü olan YAP ölkəmizin və regionun ən aparıcı siyasi qüvvəsinə çevrilib".

Bildirilib ki, sözlə əməlin birliyi, partiya üzvlərinin Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə, bölgənin aparıcı siyasi qüvvəsi kimi mövqeyini möhkəmləndirib.

Sonra təşkilati məsələlərə baxılıb. Yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının sədri və sədr müavinləri seçilib.

Daha sonra çıxış edən ərazi ilk partiya təşkilatının sədri Nazilə Dəmirova qeyd edib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası respublikamızın daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

Gənclər də çıxış edərək, vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə gənclərin də güclü dəstəyini qazanıb və onların yeganə seçiminə çevrilib. Gənclər həmişə Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımları yüksək qiymətləndiriblər.

İclasın sonunda bir qrup gənc partiyaya üzv qəbul olunmaq üçün müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə