Abdal-Gülablının işğal günü anıldı

Abdal-Gülablının işğal günü anıldı

Bu gün Ağdam rayonunun Abdal-Gülablı kəndinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov Abdal-Gülablının həmin dövrdəki gərgin durumu, kəndin yerli özünümüdafiə dəstələrinin ümidinə buraxılması, nəticədə böyük qüvvə və texnika ilə hücuma keçən düşmənlə qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qalan vətən oğullarının şücaəti, o zamankı səlahiyyətli şəxslərin kəndin strateji əhəmiyyətini düzgün qiymətləndirməməsi, nəticədə 1992-ci il sentyabrın 3-dən 4-nə keçən gecə Abdal-Gülablının işğal edilməsi barədə ətraflı danışıb.

T. Novruzov rəhbərlik etdiyi təşkilatın Abdal Gülablının anımı ilə bağlı təqdim etdiyi layihənin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsini xüsusi qeyd edərək, Şuşa rəhbərliyinə və layihənin icrasına verdiyi təşkilati dəstəyə görə Ağdam rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunan "Yurd yeri: Abdal-Gülablısız 22 il" filmi nümayiş etdirilib.

Anım tədbirində çıxış edənlər təqdim edilən kitab və nümayiş etdirilən filmlə bağlı fikirlərini bildirməklə, Abdal-Gülablıdan yaddaşlarda qalan xatirələrini də bölüşüblər.

Sonda anım tədbirinə və layihəyə yekun vuran Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin nümayəndəsi Fərid Qəhrəmanlı layihənin yüksək səviyyədə həyata keçirildiyindən məmnunluğunu bildirib və Şuranın katibliyi adından layihə rəhbərliyinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə