Politoloq: “Ermənistanda hakimiyyət parçalanmağa və yenidən qruplaşmağa başlayıb”
"Hərbi gərginliyin artması Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən mühüm parametrdir. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində son hərbi gərginlik bunu tam sübut etdi". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq bildirib ki, Ermənistanda hakimiyyət parçalanmağa və yenidən qruplaşmağa başlayıb: "Hazırda iki qrup rəhbəri mövcuddur. Baş nazir Ovik Abramyan və müdafiə naziri S. Ohanyan. Baş nazir Abramyanın Ermənistan-Azərbaycan sərhədinə və Dağlıq Qarabağa intensiv səfərlərinin əsas məqsədi təşəbbüsü ələ almaqdır. Abramyan sərhədyanı ərazilərdəki iqtisadi aktivliyi bütün Ermənistan ərazisində piar aksiyaya çevirmək istəyir. O, Qarabağda olarkən qoşunların təmas xəttində yerləşdirmək üçün xüsusi cihazların alınması məqsədilə pul ayıracağını vəd etdi".
M. Əhmədoğlu deyib ki, O. Abramyan bu işi görməklə Ermənistanda hərbi sahənin yeni hamisi imicini yaratdı: "Prezidentlərin Soçi görüşünün anonsunu da O. Abramyan verdi. Bu həm onun xüsusi rola və ya imtiyaza malik olmasının əlaməti kimi görünməklə yanaşı, həm də RF xarici işlər nazirləri ilə xüsusi əlaqəsinin göstəricisi kimi hesab edilə bilər. Soçi görüşü baş tutdu, amma Ermənistan baş naziri Abramyan və RF xarici işlər naziri erməni mənşəli Sergey Lavrovun ssenarisi üzrə yox. Bu iki şəxsin anons etdiyi ssenariyə görə, Putin ayrılıqda Ermənistan və Azərbaycan prezidentləri ilə görüşəcək. Üçtərəfli görüş olmayacaqdı. Son anda Putin erməni ssenarisini dəyişdi".
Politoloq qeyd edib ki, Prezident S.Sərkisyanın V.Putinin DQ münaqişəsinin tənzimlənməsində xüsusi rolunu açıq mətnlə inkar etməsi erməni ssenarinin olduğunu sübut edir: "Baş nazir O. Abramyan 600 min dollar dəyərində prezident atributu hesab edilən bronlaşdırılmış "Mersedes" maşınını artıq İrəvana gətirdi. Bu barədə müxtəlif yönümlü KİV-lər məlumat yayıb. O. Abramyan ətrafına seçki üzrə ciddi təcrübəsi olan şəxsləri toplamağa başlayıb.
Müdafiə naziri S. Ohanyan hakimiyyət uğrunda mübarizədə öz imkanlarına görə Baş nazirdən üstündür. O, Qərbin dəstəyinə malikdir. Ötən prezident seçkilərinə müxalifətin əsas namizədi, ABŞ vətəndaşı R. Ovannisyanın Dağlıq Qarabağda hərbçilərlə görüş keçirməsinə və bununla da seçki kampaniyasına ciddi xallar qazandırmasına şərait yaratdı. Son hərbi gərginliyin pik dövründə S. Ohanyan müavini D. Tonoyanı ABŞ-a ezam etdi".
Onun sözlərinə görə, S. Ohanyan Ermənistanda hakimiyyət uğrunda mübarizədə silahlıların xüsusi rol oynayacağını çox gözəl bilir. Ona görə bütün silahlıları öz ətrafında cəmlədi: "Bunun üçün S. Ohanyan orijinal taktika seçdi. Ermənistan Fövqəladə hallar nazirliyini öz təsiri altına aldı. Az keçmiş bütün keçmiş Dağlıq Qarabağ döyüşçülərini Ermənistan fövqəladə hallar nazirliyinin ətrafına topladı. Ermənistanın Fövqəladə Hallar Nazirliyi ABŞ-ın xüsusi qayğısı altında olan qurum olub. Ermənistan Müdafiə Nazirliyi hərbiyə ayırmağa vəsait tapmadığı bir dövrdə Dəmirçyan adına İdman-Konsert kompleksini satın alması da hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi kimi görünə bilər".
M. Əhmədoğlu bildirib ki, S. Ohanyan ətrafında olan generalların dağılmaması üçün onların korrupsiya əməllərinə haqq qazandırır: "Ermənistan Müdafiə Nazirliyinin Baş ştabının rəis müavini, general mayor Haykaz Bahmanyan 150 min dollarlıq maşınla işə gəlir. S. Ohanyan 150 min dollarlıq maşını Bahmanyana dostunun bağışladığını bildirdi".
Politoloq deyib ki, keçmiş Qarabağ döyüşçüləri, o cümlədən əhali xeyli fəallaşıblar. Heç bir rəsmi sxem keçmiş döyüşçülərin və əhalinin bir qrupunun aktivliyini tənzimləyə bilməyəcək: "Ayrı-ayrı qruplaşmalar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki hərbi hissələrə göndərilir. Keçmiş döyüşçülər qısa müddət ərzində səngərdəki 18-20 yaşlı gənci öz təsiri altına alıb onun həm silahını özünə götürə, həm də onu hakimiyyətin əleyhinə yönəldə biləcək".
Onun sözlərinə görə, Ermənistanda "əvvəlcə hakimiyyətlə, oliqarxlarla məsələni həll etmək, sonra isə Azərbaycana qarşı vuruşmaq" tezisi gündəliyə gətirilib: "Son hərbi gərginlik Ermənistanın komplementar xarici siyasətini sökdü, dağıtdı. Ermənilər bu vaxtadək bütün dünyaya sübut edə bilirdilər ki, həm Rusiya həm ABŞ, həm də İranla çox gözəl münasibətdədirlər. ABŞ başda olmaqla Qərb Ermənistanın geosiyasi, siyasi, iqtisadi təminatçısıdır. Rusiya Ermənistanın ən böyük təhlükəsizlik təminatçısıdır. Ermənilərin dünyaya təlqin etmişdilər ki, İran Azərbaycan və Türkiyəni Ermənistandan da çox özünə düşmən bilir. Lakin hərbi gərginlik aşağıdakıları üzə çıxardı: Birinci, Rusiya Ermənistanın hərbi müttəfiqi deyil. Hətta Ermənistan-Azərbaycan sərhədində baş verənlərə Rusiyanın Ermənistandakı hərbi bazası və KTMT reaksiya vermirlər. Son gərginlikdə Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə əlaqədar Rusiyanın Ermənistanı müdafiə etmək fikri olsaydı, hərbi bazası adından müxtəlif bəyanatlar və ya manevrlərlə bunu göstərərdi. Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistan-Azərbaycan münasibətləri kontekstindən tam fəaliyyətsizdir. İkinci, Ermənistanın hərbi-siyasi müttəfiqi ABŞ-dır. Son gərginlik bunu aşkar şəkildə bunu sübut etdi. Hətta ABŞ-Ermənistan tandemindən danışmaq mümkündür. ABŞ və Ermənistan ikisi birlikdə Putinin Soçi təşəbbüsünün əleyhinə çıxdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB