“KXCP ona sərf edən anda Müsavatın yanında olur..."

Müsavat sərf etməyəndə isə AXCP-ni seçir
“KXCP ona sərf edən anda Müsavatın yanında olur..."

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, Əbülfəz Elçibəyin ölümünün növbəti ildönümü ilə bağlı "Milli Şura" və AXCP ayrı, Müsavat və KXCP isə ayrı olaraq Fəxri Xiyabana getdilər. Sizcə, bu parçalanmanın arxasında hansı amillər dayanıb?

- Hər kəsə aşkar olaraq bəllidir ki, heç vaxt müxalifət partiyaları səmimi şəkildə bir yerdə olmayıblar. Burada isə ən başlıca səbəb müxalifət partiya rəhbərlərinin şəxsi ambisiyalarının olması ilə bağlıdır. Onların hər biri öz maraqlarına görə heç kəsə güzəştə getmək fikrində deyillər. Ona görə də, istər müəyyən tədbirlər olsun, istərsə də digər amillər olsun, onların bir araya gəlməsi baş tutmur. Bəzən olur ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar bir ayara gələrək birləşirlər. Amma bu proses onlarda çox uzun çəkmir. Yəni onlar həmin birləşdikləri qurumlardan ayrı-ayrı istiqamətlərə doğru parçalanırlar. Bir sözlə, müxalifət liderlərinin ambisiyaları bu partiyaların birləşərək bir yerdə olmasına çox ciddi əngələr törədir. Biz bunu Əbülfəz Elçibəyin ölümünün növbəti ildönümündə də gördük. İstər AXCP olsun, istər Müsavat, istərsə də KXCP-onların hər biri şəxsi ambisiyalarının qurbanına çevriliblər. Bundan sonra da biz belə halların şahidi olacağıq.

- KXCP-nin "Milli Şura" təmsilçisi olmasına rəğmən, partiya rəhbərliyinin Müsavatla yaxınlaşması daha hansı məsələləri üzə çıxarır?

- Bilirsinizmi, müxalifət partiyaları özlərinin cəmiyyətdə gücsüzlüyünü hər kəsdən yaxşı dərk edirlər. Xüsusilə də həmin partiyaların başında duran rəhbərlər çox gözəl anlayırlar ki, onların dəstəkləyən elektorat, siyasi resurs mənbələri artıq yoxdur. Onlar siyasi partiyalar üçün önəmli olan bu faktorları çoxdan itiriblər. Sadəcə olaraq, bu gün müxalifət təmsilşiləri yeni bir güc axtarışındadırlar. Amma bu da onlarda alınan məsələ deyil. Götürək sizin verdiyini sualı və onu təhlil edək. Belə ki, KXCP "Milli Şura"nın üzvü ola-ola, oradan ayrılan Müsavat partiyası ilə yaxınlıq edir. Hansı ki, Müsavat partiyası AXCP tərəfindən qəbul edilmir. Onda belə maraqlı situasiya yaranır. KXCP ona sərf edən anda Müsavatın yanında olur, Müsavat sərf etməyəndə isə AXCP-ni seçir. Belə siyasi gedişlərlə isə heç də uzağa getmək olmaz. Bu, digər müxalifət partiyalarına da aid olan bir məsələdir.

Digər tərəfdən, isə bu gün Qərbin müəyyən dairələri də var ki, həmin dairələrdə Azərbaycanın əldə etdiyi uğurlara paxıllıq hissi ilə yanaşaraq ölkəmiz ilə bağlı reallığı özündə əks etdirməyən fikirlər səsləndirirlər. Yəni həmin xarici qüvvələr də çalışırlar ki, parçalanmış müxalifəti bir araya gətirərək onlar vasitəsi ilə Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Amma bütün bunlara baxmayaraq onların bu istək və arzuları daş olaraq ürəylərinədə qalacaq. Çünki fakt göz qabağındadır.

- Sizcə, bu kimi addımlar – AXCP-nin Müsavat və KXCP-nin ayrı-ayrılıqda Fəxri Xiyabana getmələri həm də Elçibəyin adının inhisara alınması cəhdi kimi başa düşülə bilərmi?

- Doğrudur, bunlar Əbülfəz Elçibəyin adının inhisara alınması istiqamətində artıq uzun illərdir ki, dava-dalaş salırlar. Müəyyən qədər elçibəyçilər var ki, müxalifət partiyaları onları öz tərəflərinə çəkmək üçün və onların seçkilərdə qüvvəsindən yararlanmaq üçün dəridən-qabıqdan çıxırlar. İstər AXCP olsun, istər Müsavat və KXCP olsun. Onların hər biri guya "Rəsulzadə-Elçibəy" yolçuları olduqlarını iddia edirlər. Ancaq görünən həqiqət həm də budur ki, əgər İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu reallıqda, həqiqətdə, doğrudan da elan etdikləri yolun yolçuları olsaydılar, ən azından Elçibəyin, ya da Rəsulzadənin anım günlərində bir yerdə olardılar. Amma bayaq da göründüyü kimi, heç də belə deyil. Yəni bu məsələlərdən onlar öz məqsədləri üçün istifadə edirlər. Düşünürəm ki, onların çəkişmələrində bu məsələ də kifayət qədər yer alır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə