Əli Kərimlidən İsa Qəmbərə dolayı sillə

Müsavat başqanı sərt şəkildə ittiham edilib
Əli Kərimlidən İsa Qəmbərə dolayı sillə

D18 Hərəkatının sədri Ruslan İzzətli Müsavat başqanı İsa Qəmbəri "hakimiyyətlə iş birliyində olan partiyalarla" birgə işləməkdə ittiham edib. Məlumatlı mənbə tərəfindən SİA-ya verilən bilgiyə görə, D18 Hərəkatı AXCP sədri Əli Kərimlinin yaratdığı yedək qurumlardan biridir və sözügedən bəyanatda İsa Qəmbər sərt şəkildə qınanılıb. Mənbə qeyd edib ki, Ruslan İzzətli məhz Ümid Partiyasının sıralarını tərk etdikdən sonra Əli Kərimlinin diqqətini cəlb edib.

"100 ilin partiyasıyıq, qoc-qocaman Müsavat deyən hörmətli İsa Qəmbər, siz bu duruma nədən düşdünüz?"sualını ünvanlayan Ruslan İzzətli daha sonra yazıb ki, Müsavat Partiyası seçkidən-seçkiyə sifarişilə meydana çıxanlarla, bir özü və partiyasının sosial şəbəkədə adı olan sədrlərlə əməkdaşlıq edir: "Mediada və saytlarda qalmaq xətrinə, zalın və ya masanın ətrafın doldurmaq üçün nədən bu cür gülünc duruma salırsız özünüzü. Amma, anlayıram sizi, onlardan başqa kim gəlir?".

Qeyd edək ki, bir neçə gün öncə, Müsavat başqanı İsa Qəmbər həbs olunanların müdafiəsi məqsədi ilə keçirilən tədbirə bir sıra müxalifət partiyalarını dəvət etsə də, bəzi partiyalar bu dəvəti qəbul etməyiblər.

Onu da bildirək ki, Müsavat başqanı bugünlərdə verdiyi açıqlamasında AXCP-yə eyham vuraraq, həmin partiya ilə əməkdaşlığın mümkünsüzlüyünü bir daha bəyan etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə