Cəbhədəki son gərgin vəziyyətdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin Soçidə görüşü nəzərdə tutulur. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan bu görüşün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hansısa rol oynayacaqmı?
Bu suala aydınlıq gətirən politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında bildirib ki, bu görüş cəbhə bölgəsində Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulduğu bir dövrdə baş tutacaq: "Hesab edirəm ki, keçiriləcək görüşdə hər şeydən öncə atəşkəs rejiminə əməl olunması məsələsi müzakirə obyekti olacaq. Digər tərəfdən də güman edirəm ki, bu görüşdə əsasən Ermənistan tərəfi özünü maraqlı bir tərəf kimi göstərəcək. Nəyə görə? Çünki Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycanın mövqelərinə hücumlar təşkil olunduqdan və düşmən cavabını aldıqdan sonra Ermənistanda bir təşviş yaranmışdı. Bu baxımdan hesab edirəm ki, ilk növbədə cəbhə bölgəsindəki vəziyyət müzakirə olunacaqdır. Digər bir məqam ondan ibarətdir ki, artıq beynəlxalq ictimaiyyət və regionda maraqlı tərəf kimi Rusiya da görür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində artıq qəti addımlar atmaq lazımdır. Çünki hər an müharibə alovlana bilər. Son hadisələr də göstərir ki, yenidən genişmiqyaslı müharibə baş verərsə, uduzan tərəf birmənalı olaraq Ermənistan olacaqdır. Ona görə də, Ermənistanı dəstəkləyən tərəf kimi də Rusiya bu məsələdə irəliyə doğru addımlar atmaqda maraqlıdır. Əks təqdirdə bu, Ermənistan üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq".
Bu görüşdə nəticə əldə edilməyəcəyi təqdirdə cəbhədə status-kvonun aradan qaldırılması labüd bir vəziyyətə çevrilə bilərmi, - sualını cavablandıran E.Mirbəşiroğlunun sözlərinə görə, bütün hallarda reallıq ondan ibarətdir ki, zaman Azərbaycanın xeyrinə işləyir: "Yəni status-kvo vəziyyəti nə qədər uzanırsa Ermənistan üçün bir o qədər də acınacaqlı durum yaxınlaşır. Düşünürəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Soçidə keçiriləcək görüşündə tərəflər mütləq hər hansı bir addımın atılması ətrafında real müzakirələr aparacaq. O ki qaldı keçiriləcəyi nəzərdə tutulan bu görüşdən hər hansı bir nəticələr əldə edilməsə və əgər Ermənistan tərəfi atəşkəs rejiminə əməl edəcəksə, Azərbaycan tərəfi də münaqişənin dinc vasitələrlə tənzimlənməsi xatirinə bu atəşkəs rejiminə əməl edəcəkdir. Amma bundan sonra Ermənistan özünü son dövrlərdəki kimi apararsa, Azərbaycan tərəfi münaqişənin həlli üçün lazımi addımlar atacaq. Bu isə eyni zamanda Ermənistanın məhvinə gətirib çıxaracaqdır."
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB