Əli Əhmədov: "Zahid Qaralovun böyük xidmətləri partiyamızın hər bir üzvünün gözləri qarşısında cərəyan edib"
Bakıda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Yeni Azərbaycan Partiyasının sədr müavini- İcra katibi, baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Zahid Qaralovu yubileyi münasibətilə təbrik edib, ona can sağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
YAP İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının gücünü müəyyənləşdirən, əzəmətini təyin edən, onu cəlbedici edən bu partiyanın sıralarında birləşərək Ulu Öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi sahəsində fədakarlıq göstərən 600 mindən artıq insanlardır: "Məhz bu insanların fədakarlığı Yeni Azərbaycan Partiyasının möhtəşəm ictimai dayağını müəyyənləşdirir, onu Azərbaycanın ictimai sisteminin həlledici bir qrumuna çevirir. Bu gün böyük yubileyini qeyd etməyə toplaşdığımız professor Zahid Qaralov da qeyd etdiyim insanlar içərisində mühüm yer tutan şəxsiyyətlərdəndir. Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranmasına, onun formalaşmasına, inkişafına öz vətəndaş və ziyalı mövqeyi ilə böyük töhfələr verib. Azərbaycan ictimaiyyəti onu bu mövqeyi ilə tanıyıb".
Ə.Əhmədov əlavə edib ki, Zahid Qaralov böyük və zəngin həyatı boyu həmişə həm ictimai, həm də elmi fəaliyyəti baxımından yüksək fəallığı ilə seçilən Azərbaycan vətəndaşlarından olub: "Zahid Qaralov gənc yaşlarından Azərbaycanın təhsil quruculuğuna əhəmiyyətli töhfələr verib. Eyni zamanda Azərbaycanda məktəb pedaqoqikasının inkişafına öz əsərləri və praktik fəaliyyəti ilə əhəmiyyətli işlər görüb. Azərbaycan pedaqoji ictimaiyyəti onu bu şəkildə tanıyır və qiymət verir".
"90-cı illərin əvvəllərində Azərbaycan öz həyatının çox həssas günlərini yaşayarkən Zahid Qaralov Ulu Öndər Heydər Əliyev ideyalarının müdafiəsinə qalxan ziyalılardan olub. Zahid Qaralov Ulu Öndər Heydər Əliyev ideyalarının müdafiəsi üçün Heydər Əliyevi Müdafiə Komitəsini yaradan, ona rəhbərlik edən, ziyalıları ora cəlb edən və beləliklə də bu ideyaların Azərbaycanda yayılmasına böyük fədakarlıqla öz töhfəsini verən ziyalılardan biridir. Yeni Azərbaycan Partiyasının yaranmasından başlayaraq, partiyanın möhkəmlənməsinə, gücünün, əzəmətinin və qüdrətinin artmasına Zahid Qaralovun böyük xidmətləri partiyamızın hər bir üzvünün gözləri qarşısında cərəyan edib, - deyə Ə. Əhmədov vurğulayıb.
Ə.Əhmədov həmçinin bildirib ki, YAP Səbail rayon təşkilatı yarandıqdan bəri Zahid Qaralov ona rəhbərlik edib və bu təşkilat partiyanın indiyədək ən güclü təsisatlarından biridir. Onun sözlərinə görə, Zahid Qaralovun Heydər Əliyev ideyalarına bağlılığı, fədakarlığı gənclərə nümunə ola bilər.
Daha sonra YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov Zahid Qaralovun Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.
O, Ümummilli Lider Heydər Əliyevin də vaxtilə Z.Qaralov fəaliyyətini yüksək qiymətləndirdiyi əks etdirən məktubunu oxuyub.
Sonra professor Abdulla Mehrabov çıxış edərək Z.Qaralovun ictimai-siyasi və elmi fəaliyyəti barədə geniş məlumat verib.
Çıxış edən millət vəkili, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, millət vəkili, Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmov və başqaları Z.Qaralovun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb, onun elmi-pedaqoji, o cümlədən ictmai-siyasi fəaliyyətini yüksək qiymətləndirib, onu yubileyi münasibətilə təbrik edib, hədiyyələr təqdim ediblər.
Sonda çıxış edən Z.Qaralov hər bir iştirakçıya, onu təbrik edən hər kəsə, eləcə də YAP-a, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.
Sonda Z.Qaralovun 80 illik yubileyi münasibətilə ziyafət verilib.
Qeyd edək ki, konfrans çərçivəsində hər bir iştirakçıya Z.Qaralovun 80 illik yubileyinə həsr olunmuş "Müdrik müəllimimiz. Zahid Qaralov-80" adlı yeni işıq üzü görmüş kitab təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB