Seymur Orucov: “Yay məktəbinə bizdən çox gənc göndərə biləcək ikinci qurum yoxdur” AÇIQLAMA

Seymur Orucov: “Yay məktəbinə bizdən çox gənc göndərə biləcək ikinci qurum yoxdur” AÇIQLAMA

"Artıq Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi hər il ənənəvi qaydada həyata keçirilən Yay məktəbi layihəsinə start verib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, gənclər ilk mərhələdə Oğuz rayonundakı "Afra" otelə və Lerik rayonunun ən səfalı guşələrindən biri olan "Relax" istirahət mərkəzinə yollanacaqlar. Ümumilikdə Yay məktəbində iştirak edəcək gənclərin sayı 800 nəfər olacaq. Təbii ki, bunun 40 faizi region gəncləri, 30 faizə yaxını isə son 2 ildə hakim partiyanın üzvü olan və YAP GB-nın işlərində aktiv iştirak edən gənclər olacaq. Biz xeyli müddət gənclərlə birlikdə sərgilədiyimiz təcrübəyə əsasən proqram hazırlamışıq. Yay məktəbinin idarəetməsi bir növ gənclərimizin əlində olacaq. Hətta gənclərdən 2-3 ay bundan öncə müxtəlif layihələrlə bizə müraciət ediblər.

Yay məktəbi çərçivəsində YAP-dan seçilmiş millət vəkilləri, dövlət və hökumət rəsmiləri partiya gəncləri ilə görüşəcək. Hətta onu da qeyd edim ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov da layihə çərçivəsində mütəmadi olaraq gənclərlə görüşür. Təbii ki, bu dəfə də həmin görüş planlaşdırılıb. Ümumilikdə bu Yay məktəbi 5 mərhələdə təşkil olunacaq. Düşünürəm ki, Azərbaycanda Yay məktəbinə bizdən çox gənc göndərə biləcək ikinci qurum yoxdur.

Biz əsasən orada gənclərə Ümummilli Lider Heydər Əliyevin həyata keçirmiş olduğu Azərbaycançılıq ideologiyası, məfkurəsi və cənab Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin təbliğinin vacib məsələ olduğunu çatdıracağıq. Burada gənclərin asudə vaxtlarının daha səmərəli təşkili üçün kifayət qədər zaman ayrılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə