"180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" FOTOLAR

"180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb" FOTOLAR

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabineti Aparatının vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, problemlərinin həlli üçün tapşırıqlar verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 23 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Yasamal rayonunda yaşayır. Bu, ümumilikdə 6 min ailə deməkdir. Onlar əsasən rayon ərazisindəki yataqxanalarda və ictimai binalarda məskunlaşıblar.

Qəbulda Əli Həsənov bildirib, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə kifayət qədər diqqət və qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl olaraq qərarlar qəbul edir: "Məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər vardır. Təkcə Bakıda onların sayı 300 min nəfərdən çoxdur. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildirib.

Baş nazirin müavini bu dəfə də qəbula gələn məcburi köçkünlərin problemlərini diqqətlə dinləyib. Bir sıra problemlər operativ şəkildə yerindəcə həllini tapıb, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Zəngilandan olan məcburi köçkün Səlbinaz Fərmanova deyib: "Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərlə görüşündə mən də öz problemim haqqında məlumat verdim. Əli Həsənov problemimi dinlədi və yerindəcə həll olunması üçün tapşırıq verdi. Bu cür şəffaflığa görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk ki, məcburi köçkünlərə belə bir şərait yaradır, onlara lazımi kömək göstərir".

Kəlbəcərdən məcburi köçkün Soltan Nəbiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımız üçün böyük işlər görüb. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqətlə yanaşır. Onların yaxşı yaşamaları üçün hər cür şərait yaradılıb. S.Nəbiyev bu gün

keçirilən qəbulda Baş nazirin müavini Əli Həsənovun məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı lazımi göstərişlər verdiyini bildirib.

Qubadlıdan məcburi köçkün Çiçək Əlişova da Baş nazirin müavininin onların problemlərini dinlədiyini və həll olunması üçün yerindəcə tapşırıqlar verdiyini söyləyib. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qəbulda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 17.00-dək davam edib və bu dəfə ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib.

Sonda Baş nazirin müavini qəbula yazılmayan məcburi köçkünləri də qəbul edib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb. Əli Həsənov bildirib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə