Tahir Kərimli: "Xətainin Azərbaycan tarixindəki izlərini alçaltmaq Rəsul Quliyevin işi deyil" Münasibət

Tahir Kərimli: "Xətainin Azərbaycan tarixindəki izlərini alçaltmaq Rəsul Quliyevin işi deyil" Münasibət

"Azərbaycan tarixçiləri Rəsul Quliyevin Şah İsmayıl Xətaini İran şahı adlandırmasına tutarlı cavab veriblər. Ümumiyyətlə, tarix haqqında bu sahədə araşdırma aparanlar danışsalar, daha yaxşı olar". Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Rəsul Quliyevin mətbuatda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tarixçilər həmin dövrü bilirlər, həmin dövrə bu gündən baxmırlar: "Xətainin irsini, şəxsiyyət kimi tarixdəki rolunu anlamadan danışmaq, gülünc ifadələrin, fikirlərin səsləndirilməsinə səbəb olur. Hələ də başa düşə bilmirəm ki, o qarşısına hansı məqsəd qoyaraq belə absurd fikirlər səsləndirib?! Çünki biz bilirik ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətinin tarixində xüsusi iz qoyub. Belə ki, o, Səfəvilər dövlətinin yaradıcısı olub. Hətta alman filosofu Karl Marks yazırdı ki, Şah İsmayıl Xətai 14 illik hakimiyyəti dövründə 14 ölkəni fəth etdi. Odur ki, Rəsul Quliyev məsələyə münasibət bildirəndə gərək diqqətli olsun".

O, həmçinin qeyd edib ki, Şah İsmayıl xətai Rəsul Quliyevin dediyi kimi, şiəliyi yaratmayıb. T. Kərimlinin sözlərinə görə, Xətainin Azərbaycan tarixindəki izlərini alçaltmaq Rəsul Quliyevin işi deyil.

Qeyd edək ki, eks-spiker Rəsul Quliyevin Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər tarixçi alimlər tərəfindən narazılıqla qarşılanıb. Belə ki, R.Quliyev mətbuata açıqlamasında bildirib ki, Şah İsmayıl Xətai tanınmış İran şahlarından biri olub. Eks-spiker Xətaini İran şahı adlandırmaqla yanaşı, onu şiəlikdən istifadə etməklə öz hakimiyyətini gücləndirməkdə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə