Elman Məmmədovdan avropalı deputatlara MESAJ

“Azərbaycanda gedən siyasi proseslər, inkişaf və tərəqqi çoxlarının xoşlarına gəlmir, çoxlarının gözünü tökür, çoxlarının ürəklərini partladır”

"Prezident cənab İlham Əliyevin AŞPA-dakı çıxışı ilə fəxr edirəm, qürur duyuram. Bu çıxış ən mükəmməl səviyyədə, həm siyasi, həm diplomatik, ümumiyyətlə, hərtərəfli şəkildə əsaslandırılmış, qurulmuş bir çıxış idi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bəzi AŞPA deputatlarının, eləcə də yerli "hüquq müdafiəçilərinin" ölkə rəhbərinin çıxışını öz təbirlərinə uyğun şəkildə təftiş etmələrinə münasibətini bildirərkən deyib.

Elman Məmmədovun fikrincə, bu çıxış həmişə bizə yuxarıdan-aşağıya baxmaq istəyən, bizə qarşı qərəzli mövqedə olan, orada əyləşən bəzi avropalı deputatlara ibrət dərsi oldu: "Cənab Prezident orada Azərbaycan reallıqlarından danışdı, ölkəmizin bu günündən, inkişaf və tərəqqisindən danışdı. Ümumiyyətlə, Azərbaycanımızın dünyadakı mövqeyindən söhbət açdı. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rolundan danışdı. O cümlədən, söz azadlığının, insan hüquqlarının təmin olunması barədə geniş çıxış etdi və bildirdi ki, bu istiqamətdə gələcəkdə daha çox inkişaf olacaq. Bu baxımdan, kimsə qarayaxanlıq edir, kimsə əlində heç bir əsas olmadan ölkə başçımızın çıxışına "tənqidi" yanaşır, məhz bunu nəzərə alaraq deməliyik ki, bizlər belə qərəzlərə artıq öyrənmişik. Çünki biz uzun illər ərzində görürük ki, Azərbaycanda gedən siyasi proseslər, inkişaf və tərəqqi çoxlarının xoşlarına gəlmir, çoxlarının gözünü tökür, çoxlarının ürəklərini partladır".

Millət vəkili daha bir amilə də diqqət yetirərək bildirib ki, hətta siyasətdən başı çıxmayan insana da bəllidir ki, Prezident İlham Əliyevin çıxışı zamanı bəzi avropalı deputatlar erməni doasporunun, erməni lobbisinin təhriki ilə Ona məntiqsiz suallar ünvanlayırdılar: "Yəni həmin sualları onlara erməni deputatlar yazıb veriblər və onlar da bu sualları fikir verdinizsə, kağızın üzündən oxuyaraq veriblər. Ancaq düşünmürəm ki, onlar təmsil etdikləri dövlətlərinin Azərbaycana qarşı rəsmi mövqeyini nümayiş etdirirdilər. Onlar özlərinin şəxsi maraqlarını təmin ediblər. Daha dəqiq desəm, ermənilər tərəfindən tutulmuş muzdlu çıxışçı rolunda görünürdülər".

Elman Məmmədov daha bir faktora toxunaraq xatırladıb ki, Azərbaycan AŞPA-ya qəbul olunan vaxt dövlət olaraq bu qurum qarşısında müəyyən öhdəliklər götürüb və onu çox yüksək səviyyədə, ləyaqətlə icra edib, bu proses indi də davam edir: "Ancaq AŞPA-da da bilməlidirlər ki, axı biz bu öhdəliyi birtərəfli götürməmişik. AŞPA-nın da bir beynəlxalq qurum olaraq, Azərbaycana qarşı öz öhdəlikləri var. Ancaq bütün bunların yerinə, xırda-para, cılız, qərəzli suallar içində bir dənə sual oldumu ki, ay Azərbaycan, bu Avropa Şurasının eyni bərabərhüquqlu dövlətindən biri işğalçı, terrorçu, cinayətkar dövlət sənin ərazini işğal edib?! Sənin ölkənin əhalisinin bir milyondan çox insanının bütün hüquqları pozulubdur. Bəs AŞPA bu illər ərzində bu qədər insanın pozulmuş hüquqlarını bərpa etmək üçün nə işlər görüb, hansı addımları atıb?! Bəs nə üçün Avropa Şurası Ermənistana qarşı heç bir ciddi sanksiya tədbiq etməyib?! Orada əyləşən bəzi avropalı deputatlar bu qədər ədalət axtarandırlarsa hansı səbəbdən hazırda da əraziləri işğal altında olan Azərbaycanın mövqeyinə uyğun çıxışlar etmirlər?! Beləliklə, bu sualları artırmaq da olar. Bu səbəbdən, bir daha hesab edirəm ki, Prezident İlham Əliyev Cənablarının möhtəşəm çıxışı bütün bu reallıqları bir daha ortaya çıxardı".

"Ancaq məni narahat edən məsələlərdən biri də sapı içimizdən olan baltaların istər Avropada, istərsə də burada qrantlar hesabına ağzıqaralıq etmələridir"-deyə vurğulayan millət vəkili qeyd edib ki, bu gün Leyla Yunus kimiləri, onun ətrafındakılar ötən 22, 23 il ərzində bir dəfə də olsa Xocalı soyqırımı haqqında kiçik bəyanat belə yaymayıb, etiraz səslərini ucaltmayıblar: "Əgər o və ətrafındakılar həqiqətən də hüquq müdafiəçiləridirlərsə bu qədər hüququ pozulmuiş insanların da hüquqlarını qorumağa qalxsınlar, Avropa qurumları qarşısında məsələ qaldırsınlar. Biz bunları görmüşükmü, ümumiyyətlə, belə bir addım atılıbmı onlar tərəfindən? Əlbəttə ki, yox! Çünki onları milli dövlətçilik maraqları deyil, məhz qrant maraqları düşündürür. Yəni bunlar yalnız iqtidara qarşı müxalifətçilik, qərəzçilik eləmirlər. Bunlar eyni zamanda Azərbaycan dövlətinə, dövlətçilik maraqlarına, xalqa, millətə qarşı müxalifətçilik edirlər. Yaxşı olardı ki, onlar hakimiyyətin uğurlarını öz tərzlərində təftiş etməkdənsə, bu barədə danışsınlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə