Ann Brassör: “Azərbaycanın ərazi bütövlüyü məsələsi AŞPA üçün mütləq prioritetdir”

Ann Brassör: “Azərbaycanın ərazi bütövlüyü məsələsi AŞPA üçün mütləq prioritetdir”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, görüləcək işlər haqqında məlumat verən sədr bildirib ki, bir həftə ərzində sessiya çərçivəsində bir çox məsələlər ətrafında müzakirə aparılacaq.

Onun sözlərinə görə, sessiya çərçivəsində Ukrayna mövzusunda müzakirələr aparılacaq. Azərbaycanla bağlı müzakirələrin aparılacağını dilə gətirən Ann Brassör bu gün xarici işlər naziri Elmar Məmmədyarovun, sabah isə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edəcəyini vurğulayıb.

May ayında AŞPA-nın Bürosu və Daimi Komitəsinin Bakıda keçirilən iclası haqqında da danışan sədr yenidən Bakıya səfər edəcəyini qeyd edib.

O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə söhbət etdiyini də dilə qeyd edib: "Bakıya səfərim çərçivəsində ölkə prezidenti İlham Əliyevlə açıq söhbətim oldu. Sabah Azərbaycan prezidenti Assambleyamızda çıxış edəcək. Biz onun çıxışını çox böyük səbirsizliklə gözləyirik. Birmənalı olaraq demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi digər ölkələrdə olduğu kimi, prioritet təşkil edən məsələlərdəndir. Bizim bununla bağlı qəbul etdiyimiz məlum qətnaməmiz də onu göstərir ki, AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir. Həmçinin ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də lazımı islahatların sürətləndirilməsi üçün fürsət kimi dəyərləndiririk. Bu islahatların aparılması, xüsusi ilə də ifadə və mətbuat, sərbəst toplaşma azadlığı kimi məsələlərin həllinin sürətləndirilməsi Avropa Şurasının tələblərini yerinə yetirmək baxımından olduqca vacib məsələdir. Bildiyiniz kimi, 2005-ci ildə biz bu məsələ ilə bağlı qətnamə (1416 saylı) qəbul etmişik. Hesab edirəm ki, biz bu sənəddə Azərbaycan ərazilərinin işğal olunmasını pisləmişik və ölkənin ərazi bütövlüyünə dəstək vermişik. Yəni artıq belə bir sənədimiz var və indi baxmalıyıq ki, bu məsələ ilə bağlı hansı formada yeni bir hesabat qəbul edə bilərik. Bu barədə sənəd AŞPA Bürosunun cümə günü keçiriləcək iclasında müzakirə olunacaq. Mən bunu Bakıda da söyləmişəm, burada bir daha deyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim üçün mütləq prioritetdir".

Bütün xəbərlər Facebook səhifəmizdə