Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib YENİLƏNİB

Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib YENİLƏNİB

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson, dövlət və hökumət nümayəndələri, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson qonaqlara salamlayaraq qaçqın və məcburi köçkünlərin ümumi vəziyyətindən danışıb.

Daha sonra Ümumdünya Qaçqınlar Günü ilə bağlı BMT QAÇ-ın qısa video materialı və Azərbaycanda məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş film nümayiş olunub.

Bundan sonra Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və onun ətraf ərazilərinin şğal olunması nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb: "Amma bütün bunlara baxmayaraq Ümummilli Lider Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı İlham Əliyev tərəfindən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hazırda onlar müasir tələblərə cavab verən yeni mənzillərlə təmin olunublar".

Baş nazirin müavini bildirib ki, BMT-də bir çox qurumlar və təşkilatlar var: "Hesab edirəm ki, onlardan ən əhəmiyyətlisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır". SİA-nın məlumatına görə, bunu bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib".

Əli Həsənov deyib ki, komissarlıq Azərbaycan hökuməti ilə çox ciddi əməkdaşlıq edir: "BMT-nin Azərbaycanda bir sıra təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların içərisində bəziləri elə olub ki, öz vicdanlarından kənara çıxıblar. Amma BMT təşkilatları içərisində heç bir qanun pozuntusu və ölkəmizin milli qanunvericiliyinə uyğun olmayan addım atılmayıb. Beynəlxalq təşkilatlar, qurumlar eşitsin ki, Dağlıq Qarabağ Azərbaycanın bir nömrəli prioritet problemidir. Bizim bu gün Dağlıq Qarabağdan başqa heç bir problemimiz yoxdur. Münaqişə heç bir zaman dondurulmuş vəziyyətdə qalmayacaq. Təbii ki, bununla bağlı bütün tədbirlər görülür. Beynəlxalq və humanitar təşkilatlar öz üzərlərinə düşən işi layiqincə yerinə yetirməlidir".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson diqqətə çatdırıb ki, bu gün BMT QAK-ın açıqladığı hesabat göstərir ki, II Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb: "Hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur. Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib".

Tədbirə müzakirələr əsasında yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə