Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson, dövlət və hökumət nümayəndələri, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edib.
Əvvəlcə qonaqlar Azərbaycan torpaqlarının işğalı nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşən insanların həyat şəraitini, o cümlədən Xocalı soyqırımı ilə bağlı hadisələri əks etdirən fotostendlərlə tanış olublar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson qonaqlara salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Ümumdünya Qaçqınlar Günü ilə bağlı BMT QAÇ-ın qısa video materialı və Azərbaycanda məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş film nümayiş olunub.
Bundan sonra Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və onun ətraf ərazilərinin şğal olunması nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb: "Amma bütün bunlara baxmayaraq Ümummilli Lider Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı İlham Əliyev tərəfindən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hazırda onlar müasir tələblərə cavab verən yeni mənzillərlə təmin olunublar".
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi Daq Siqurdson diqqətə çatdırıb ki, bu gün BMT QAK-ın açıqladığı hesabat göstərir ki, II Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb: "Hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur. Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib.
Biz burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək və ya onların qarşısını alımamaq necə baha başa gəlir. Bu gün sülhün yoxluğu təhlükəli həddədir. Humanitar yardımlar vəziyyəti yüngülləşdirən amil kimi kömək edə bilər, amma siyasi həll yollarına son dərəcə ehtiyac var. Bu olmasa, bu rəqəmlərdə əks olunan münaqişələrin və kütləvi iztirabların təşviş doğuran səviyyəsi artmaqda davam edəcək".
Tədbirə müzakirələr əsasında yekun vurulub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB