Ombudsman insan hüquqlarından danışdı

Ombudsman insan hüquqlarından danışdı

"Dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da insan haqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur. Amma bu kütləvi hal daşımır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova gənc fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kimi hallar bütün ölkələrdə baş verən hadisələrdir: "Heç kim bunu inkar etmir. Elə bir ölkə yoxdur ki, onun məhbusu olmasın. Odur ki, bu kimi hallar hər yerdə mövcuddur. Bu gün bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir və insanın ləyaqətli həyat sürməsi üçün yaratdığı hər cür şəraitdən faydalanır".

E. Süleymanova qeyd edib ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində ciddi işlər görülüb və nəticələr mövcuddur: "Ombudsman Aparatının fəaliyyət müddətində dövlət qurumlarına 961 təklif göndərilib və onlardan da 60%-i reallaşıb. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Bir məsələni qeyd edim ki, Ombudsmanların 12-ci konfransının işində iştirak edən nümayəndələrin bir çoxu iyunun 17-də Azərbaycanın cəzaçəkmə müəssisələrində olub. Onlar orada məhbuslarla təkbətək görüşüb və onların saxlanma şəraiti ilə tanış olublar. Bu bir daha Azərbaycanda insan hüquqlarının qorunmasına göstərilən diqqətin nəticəsidir. Bu zamanın tələbidir və Azərbaycan buna yüksək səviyyədə cavab verməyi bacarıb".

Bütün xəbərlər Facebook səhifəmizdə