Bakıda TÜRKPA Şurasının V iclası keçirilir

Bakıda TÜRKPA Şurasının V iclası keçirilir

Bu gün Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının V iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək iki qardaş ölkənin qarşılıqlı əməkdaşlıq fəailiyyətindən söz açıb.

Daha sonra TBMM-nin sədri Cəmil Çiçək quruma sədrliyi Azərbaycan parlamentinin spikeri Oqtay Əsədova təhvil verib.

Milli Məclisin sədri O. Əsədov çıxışı zamanı TÜRKPA-nın sədrliyini sevinc hissi ilə qəbul etdiyini deyib. O, Türkiyənin keçən müddət ərzində quruma sədrlik dövrünü yüksək qiymətləndirib: "Sizləri əmin edirəm ki, qarşıdakı illərdə TÜRKPA-nın məqsdələrinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi lazım olan tədbirlərin görülməsinə çalışacaq".

O həmçinin vurğulayıb ki, təşkilatın yaradılmasından keçən 5 il müddətində artıq ikinci dəfədir ki, Assambleyanın iclasları Bakıda keçirilir: "Bu dövrdə görülən işlərə nəzərə salsaq görərik ki, təşkilat çərçivəsində əməkdaşlıq dövlətlər arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinlənləşməsinə şərait yaradıb. TÜRKPA artıq böyük siyasi çəkiyə malik quruma çevrilib. Ötən dövr ərzində təşkilatın 4 daimi komissiyasının vaxtaşırı iclasları keçirilib".

Gündəliyə uyğun olaraq iclasda TÜRKPA-nın 2013-cü ildəki fəaliyyətinə, təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılıb, təşkilatın VI plenar sessiyasının keçirilmə vaxtı və yeri müəyyən olunub.

Tərəflər, həmçinin TÜRKPA komissiyalarının restrukturlaşdırılması məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, iclasdan əvvəl nümayəndə heyətləri Azərbaycanın Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Bundan əlavə, TBMM sədri C. Çiçək Bakıdakı Türk şəhidliyini ziyarət edərək xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə