Sədaqət Vəliyeva: “Şanxay bəyannaməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzundan xəbər verir” RƏY
"Mayın 21-də Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında Bəyannamə qəbul edilib və sənəddə Azərbaycan üçün önəmli müddəalar əksini tapıb". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Sammitdə Azərbaycanın uğurlu iştirakına münasibətini bildirərkən deyib.
Deputat bildirib ki, bəyənnamədə münaqişələrin sülh yolu ilə həll edilməsi, ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət edilməsinin vacibliyinin irəli sürülməsi, eyni zamanda, dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid, yaxud güc tətbiq etməyin inkar edilməsi, dövlətlərin daxili işlərinə müdaxilənin pislənilməsi, legitim hökumətlərin devrilməsini hədəf alan hərəkətlərin dəstəkləməməsi və s. prinsiplərin əks olunması birbaşa müstəqil ölkələrin fasiləsiz inkişafına dəstək verməyə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına hesablanıb: "Bəyənnamədə separatizmin və zorakı ekstremizmin dövlətin suverenliyinə, birliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə təhlükə olması haqqında müddəanın əks olunması isə Avrasiya coğrafiyasında milli dövlətlərə qarşı təhdidlərin yolverilməzliyi ortaya qoyulub. Bu, o deməkdir ki, istənilən halda mövcud olan problemlər sülh və danışıqlar yolu ilə aradan qaldırılmalı, güclü dövlətlər geosiyasi və geoiqtisadi maraqları naminə kiçik ölkələrə qarşı təhdid siyasətindən əl çəkməlidir. Çünki, hər bir dövlətin normal inkişaf prosesi keçməsi onun təbii hüququdur. Kimlərsə, bu imkanı onun əlindən almamalı və xaos yaratmamalıdır. Bu gün Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Şərqi Avropada baş verən hadisələr söylədiklərimə əyani misaldır. Həmin bölgələrdə yerləşən dövlətlərə demokratiya gətirmək adı ilə müharibə, anarxiya və nizamsızlıq gətirilir. Suriya, Misir, Liviya, Ukrayna və digər ölkələrdə hələ də siyasi sabitlik formalaşmayıb və bu anarxiya bəlkə də, həmin xalqları onilliklər müddətinə inkişafdan geri salır. Məhz, bu səbəblərdən artıq beynəlxaq sülhün qorunması baxımından sabitləşdirici addımların atılması vacibdir".
Millət vəkili xüsusilə vurğulayıb ki, Şanxay bəyannaməsinin 3.5-ci bəndində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasının beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsinin narahatlıq doğurması kimi vacib məqamın yer alması isə bir daha Dağlıq Qarabağ münaqişəsinin digər konfliklərə nəzərən daha təhlükəli xarakter daşımasına işarə edir: "Yəni, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və Ermənistan tərəfinin qeyri-konstrukliyi bölgəni təhdid etməklə bərabər bütün Avrasiya coğrafiyasının sabitliyinə təhlükə yaradır. Çünki, bu gün Azərbaycan qlobal miqyaslı enerji təhlükəsizliyinə töhfə verən bir dövlətdir. Cənubi Qafqaz bölgəsi isə Asiya ilə Avropa, Şimalla Cənub arasında siyasi-iqtisadi və mədəni körpüdür. Ona görə də, əgər Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından tezliklə çıxarmasa, bu, bölgədə mənfi nəticələri Avrasiya coğrafiyasına təsir edə biləcək bir müharibənin ortaya çıxmasına gətirib çıxara bilər. Ona görə də, Şanxayda bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları, bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasının dəstəklənməsi, həmçinin, ATƏT-in Minsk qrupunun həll istiqamətində səylərini daha da artırmağa çağırılması başa düşüləndir".
Sədaqət Vəliyeva onu da qeyd edib ki, ümumilikdə dünyanın güclü dövlətlərinin, xüsusilə də, Avrasiya geostrateji məkanının aparıcı ölkələrinin yer aldığı bir təşkilatın Zirvə Toplantısında Azərbaycanla bağlı son dərəcədə vacib faktorların rəsmi sənəd səviyyəsində qeyd olunması ölkəmizin beynəlxalq nüfuzundan, diplomatik uğurundan və dünya miqyasında əhəmiyyətliliyindən xəbər verir.
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB