"Uorlikin məruzəsində işğal faktı qeyd olunsa da, işğalçı ölkənin adı çəkilmir" Münasibət

"Uorlikin məruzəsində işğal faktı qeyd olunsa da, işğalçı ölkənin adı çəkilmir" Münasibət

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Karnegi Fondundakı çıxışından belə qənaətə gəlmək olar ki, hər iki tərəf həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən qalib şəklində çıxmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, amerikalı həmsədrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 elementinin əsas prinsiplərinə nəzərdə yetirəndə aydın olur ki, məsələnin həlli istiqamətində heç bir yenilik yoxdur: "Həmsədr ölkələr hər dəfə bəyan edirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ancaq 20 ildən çoxdur ki, münaqişə hələ də öz həllini tapmayıb. Hətta Uorlikdən əvvəl fəaliyyət göstərən həmsədrlərdə eyni mövqedən çıxış edirdilər və nəticə etibarı ilə ortada heç nə yoxdur".

O həmçinin qeyd edib ki, həmsədrin münaqişənin həlli ilə bağlı açıqladığı prinsiplərdən birində işğal faktı qeyd olunur, ancaq işğalçı ölkənin adı çəkilmir: "Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunması və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməsi məsələnin həmin prinsiplər sırasında yer alması diqqət çəkən məqamlardan biridir. Maraqlıdır ki, C. Uorlik Dağlıq Qarabağdan söhbət gedərkən işğal sözünü yox, məhz Bakı tərəfindən nəzarət edilməyən ərazilər ifadəsini işlədib".

"Burdan da belə nəticəyə gəlmək olar ki, amerikalı həmsədrin məntiqinə görə Dağlıq Qarabağ işğal altında olan ərazi deyil, eləcə də həmin ərazilər ermənilər tərəfindən işğal olunmayıb. Ona görə də məsələyə bu cür yanaşma kökündən yanlışdır. Məhz bu cür yanaşmalar münaqişənin həll olunmasını yubadır. 6 elementlər sırasında yer alan Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olmasının vacibliyinə gəldikdə, bu prinsip Ermənistanın Dağlıq Qarabağa təsiri qoruyub saxlamasını təsdiq edir. Bu da Dağlıq Qarabağla Ermənistan arasında əlaqələrin daha da güclənməsinə və Azərbaycana geri qaytarılması prosesini daha da mürəkkəbləşməsinə gətirib çıxarır. Odur ki, bu cür yanaşmalarla münaqişəni həll etmək mümkün olmayacaq"- deyə, Elman Nəsirli məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Karnegi Fondunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 elementi açıqlayıb. O həmçinin bildirib ki, həmin elementlər ABŞ-ın Minsk qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə