Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqladı
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetləri barədə təqdimatla çıxış edib. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AŞ Nazirlər Komitəsinin Vyanada keçirilən 124-cü sessiyasında çıxış edən E. Məmmədyarov bildirib ki, 2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə olaraq Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan Respublikası üçün böyük üstünlükdür.
Nazir deyib ki, Azərbaycanın sədrliyi təşkilatın 65-ci ildönümünü qeyd etdiyi tarixi bir vaxta təsadüf edib: "Bu, uzun müddət özünün güclü və vahid standartları ilə istinad mərkəzi olan Avropa Şurası üçün həqiqətən də vacib dönüş nöqtəsidir. Növbəti altı ay müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcək. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaq. Azərbaycanın sədrliyinin əsas prioritetləri Azərbaycanın müsbət xarakteristikası və müqayisəli üstünlükləri ilə yanaşı, Avropa Şurasının gündəliyində duran aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilib. Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracağıq. Bu məqsədlə Azərbaycanın sədrliyi gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarları əldə etməyə çalışacaq. Korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaq. Biz Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik. Bu konfrans antikorrupsiya qanunlarının tətbiqinə böyük əhəmiyyət verərək və ehtiyat tədbirlərini təmin edərək milli təcrübə və ən yaxşı praktikalar üzrə fikir mübadilələrinə imkan yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB