Ombudsman Aparatının nümayəndələri Ulu Öndərin 91-ci ildönümü ilə bağlı Şəkidə seminar keçiriblər

Ombudsman Aparatının nümayəndələri Ulu Öndərin 91-ci ildönümü ilə bağlı Şəkidə seminar keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində dövlət və yerli özünü idarəetmə orqanlarının, QHT əməkdaşlarının və sakinlərin iştirakı ilə seminar keçiriblər.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə müəyyən olunan müasir dövrdə Ümummilli Lider Heydər Əliyevin müstəqil respublikamızda başçılıq etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən birinin məhz insan hüquq və azadlıqlarının müdafiəsi olduğunu, qısa müddət ərzində ulu öndər tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm tədbirlərin həyata keçirildiyini, müvafiq qanunvericilik aktlarının qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını, habelə Ümummilli Liderin ölkənin hüquq sistemində apardığı davamlı islahatlar barəsində geniş məlumat verilib.

Habelə, Regional Mərkəzin əməkdaşları bu islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) təsdiq edilib. Lakin zaman dəyişdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirdiyini, insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində yeni prioritetləri nəzərə alaraq, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə ölkə Prezidenti İ. Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı da təsdiq edildiyi qeyd edilib.

Seminar zamanı o da vurğulanıb ki, əsas yeniliklərdən biri də Müvəkkilin Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramı sənədlərinin icrasının monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və digər hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən milli azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi "ictimai dinləmələr"dir.

Tədbirin sonunda regional mərkəzin əməkdaşları iştirakçıların suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə