Azər Həsrət: ““Freedom House” Azərbaycana qərəzli yanaşır” EKSKLÜZİV

Azər Həsrət: ““Freedom House” Azərbaycana qərəzli yanaşır” EKSKLÜZİV

"Gəlin Azərbaycan mediası haqqında hesabat verənlərin coğrafiyasına fikir verək. Onların hamısı Qərbdə fəaliyyət göstərən və Amerikadan idarə olunan təşkilatlardır. "Freedom House", "Human Rights Watch" kimi, yaxud da okeanın bu tayında – Fransada fəaliyyət göstərən "Sərhədsiz Reportyorlar Təşkilatı" və digər bu kimi təşkilatlar davamlı olaraq, Azərbaycan və Azərbaycan kimi ölkələri qaralamaqla məşğuldurlar". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasısının İdarə Heyətinin (MŞ İH) üzvü, Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət "Freedom House" təşkilatının ölkəmizdə medianın azad olmamasına dair verdiyi hesabatına münasibətini açıqlayarkən deyib.

Onun fikrincə, bu kimi təşkilatlar hətta uzunmüddətli demokratiya təcrübəsi olan ölkələri də qara siyahıya salırlar: "Siz fikir versəniz görərsiniz ki, uzun müddətli demokratiya təcrübəsi olan qardaş Tükiyənin mediası da daim bunların qara siyahısındadır. Azərbaycan isə birmənalı olaraq bunların qara siyahılarında olur. Halbuki, Azərbaycanla qonşu olan Ermənistanda – harada ki, jurnalistlərə qarşı terror edilir, harada ki, jurnalistlər həbsə atılır, mətbuat işçiləri ilə bağlı çoxsaylı dəhşətli faktlar mövcuddur, o ölkəyə bir qayda olaraq, yarımazad ölkə statusu verilir. Hətta bu da azmış kimi, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ belə, ayrıca bir subyekt kimi götrürülüb və ora da yarımazad ölkə kimi elan olunub".

MŞ üzvü Azərbaycana qarşı belə bir yanaşmanı qərəzdən doğan hal kimi qiymətləndirib: "Yəni bunun özü onun göstəricisidir ki, Azərbaycana yanaşma qərəzlidir və bunun heç bir əsası yoxdur. Çünki Azərbaycan o ölkələrdəndir ki, burada dövlət heç bir halda medianın fəaliyyətinə maneçilik törətmir, eyni zamanda heç bir formada müdaxilə etmir. Azərbaycan nadir ölkələrdən biridir ki, burada istənilən şəxs müvafiq qaydada özü üçün qəzet, jurnal təsis edə, sayt aça və onu istədiyi şəkildə işlədə bilər. Məsələn mən bir nümunə göstərmək istərdim. Rusiya ilə müqayisədə Azərbaycanda bu istiqamətdə prosedur o qədər sadə və o qədər asandır ki…Məsələn, Rusiyada bir qəzet açmaq istəyirsinizsə, mütləq siz onun hansısa bir regionda yayılması ilə bağlı təsdiqedici sənədlər verməlisiniz. Yox, əgər siz istəyirsinizsə açacağınız mətbu orqan bütün Rusiyaya yayılsın, bunun üçün ən yüksək strukturlardan rəsmi icazə almalısınız. Amma ölkləmizdə əsla belə qayda-qanunlar yoxdur. Azərbaycanda qəzeti təsis edirsiniz və istəsəniz bütün ölkəyə, ya da regionda yayırsınız. Yəni bu, sizin öz qərarınızla, istəyinizlə olan bir məsələdir. Buna baxmayaraq, adıçəkilən beynəlxalq təşkilatlar, xüsusən də ABŞ-a bağlı olan təşkilatlar Azərbaycanı gözm-çıxdıya salmağa cəhd edirlər və bunun da arxasında dayanan məqsəd ölkəmiz üçün təzyiq rıçağqlarının yaradılmasıdır".

Azər Həsrət mövcud hallarda ABŞ Dövlət Departamentinin də rol oynadığını istisna etməyib: "Yəni bilirsiniz ki, ABŞ Dövlət Departamenti, ümumiyyətlə, bu ölkə dünyada jandarm rolunu oynamağa çalışır və bütün dövlətləri fakt qarşısında qoymaq üçün o dövlətlərlə bağlı özü üçün rıçaqlar yaradır. Azərbaycana qarşı rıçaq da məhz insan haqları, media ətrafında yaradılır və yazıqlar olsun ki, o rıçaqların yaradılmasında Azərbaycandan olan uzantılar da iştirak edirlər. Yəni "beşinci kolon" deyə biləcəyimiz, bizə yad mərkəzlərə bağlı təşkilatlar və həmin təşkilatlardakı adamlar sadəcə olaraq, Azərbaycandan uydurma faktlar ötürürlər, həmin faktlar əsasında da guya belə bir hesabatlar verilir. Amma biz bu ölkədə yaşayırıq, medianın içindəyik və hər şeyi görürük. Şükürlər olsun ki, şəxsən mən bir tənqidçi jurnalist kimi öz fəaliyyətimə hər hansı bir formada kimsənin əngəl törətdiyinin şahidi olmamışam və çox maraqlıdır ki, bu yaxınlarda mən ilk dəfə senzuraya məruz qalmışam, o da Azərbaycanda olmayıb, Azərbaycandan kənarda olub".

Xatırladaq ki, "Freedom House" təşkilatı 2013-cü il üzrə dünyada media azadlığına dair hesabatını açıqlayıb. Hesabat 197 ölkəni əhatə edib və orada Azərbaycanla bağlı iddia olunur ki, ölkədə jurnalist və blogerlərin internet fəaliyyəti izlənilir. Eyni zamanda hesabatda Azərbaycanda internet azadlığını məhdudlaşdıran tədbirlərin də həyata keçirildiyi bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə