Prezident Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışında iştirak edib
Bu gün Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Son 10 ildə ölkəmizin yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verməkdədir. Ölkə ərazisində beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxt Bakının və rayon mərkəzlərinin küçə və yolları əsaslı surətdə abadlaşdırılır.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi diqqət regionlarda kənd və qəsəbələri, həmçinin yaşayış məntəqələrini birləşdirən daxili yolların təmirinə yönəldilib. Bu tədbirlər iqtisadiyyatımızın getdikcə güclənməsinin göstəricisi olmaqla yanaşı, dövlətimizin ölkənin istənilən nöqtəsində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Ağdaş rayonunda da geniş vüsət alıb. Rayondakı Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu tamamilə yenidən qurulub.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxıb. Məlumat verilib ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcək.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib yeni yolda avtomobili idarə edib.
Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb. Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıbar.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB