“İsa Qəmbərlə Əli Kərimli qədər bir-birlərinə nifrət edən insanlar yoxdur” MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin SƏS TV-yə müsahibəsi
- Qüdrət bəy, son günlər ölkə ictimaiyyətində, mətbuatda ən çox bəhs edilən mövzulardan biri Rauf Mirqədirovun həbsidir. Sizcə, Rauf Mirqədirovun Sülh və Demokratiya institunun keçirdiyi tədbirlərdə Leyla Yunus və Arif Yunusun da iştirak etdiyini bildirməsindən sonra Leyla Yunusun istintaqa cəlb edilməsi ehtimalı gözlənilirmi?
- Əgər kiminsə Ermənistanın xeyrinə casusluq fəaliyyəti olubsa, kimliyindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquq-mühafizə orqanları da öz növbəsində Rauf Mirqədirovun barəsində qaldırılmış cinayət işinə obyektiv yanaşmalıdırlar. Bəzi beynəlxlq təşkilatlar var ki, nöqsan tapmaq üçün Azərbaycanda gedən bütün prosesləri lupa ilə izləyirlər. Bu kimi təşkilatların əlinə hansısa əsas verməmək üçün jurnaslistin həbsi dəqiq araşdırılaraq qərar çıxarılmalıdır. İstintaq şəffaf olmalı, mütəmadi olaraq ictimaiyyət bu haqda məlumatlandırılmalıdır.
- "Human Rights Watch" təşkilatı Rauf Mirqədirovun həbsi ilə bağlı bəayanat yayaraq qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq araşdırılmalıdır. Hər hansı bir təşkilatın iki dövlət arasındakı əməkdaşlığın araşdırılmasını istəməsi nə qədər doğru sayıla bilər?
- Bir çox beynəlxalq təşkilatların ölkəmizə münasibəti dost münasibəti deyil. İnsan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar bəzən ayrı-ayrı fərdlərin həbsini böyük hadisəyə çevirərək dünya miqyasında qabardırlar. Amma yüz minlərlə insanın hüququnu müdafiə etməkdən çəkinirlər. Düşünürlər ki, bu və ya digər yolla Azərbaycana təzyiq edə və ölkəmizin imicinə xələl gətirə bilərlər. Məlumdur ki, bu təşkilatların maliyyələşməsində böyük dövlətlərin rolu var. Buna görə də fəaliyyətlərini həmin dövlətlərin tapşırığı əsasında qururlar. Bir milyondan artıq Qarabağ qaçqını olan Azərbaycanda həmin insanların çoxu hələ də normal mənzillə təmin edilməyib. Mənzil-məişət şəraitləri minimal standartlara cavab vermir. Bu haqsızlığa niyə bu kimi xarici təşkilatlar göz yumur? İşğalçı dövlətə qarşı bir dəfə də olsun etiraz səslərini qaldırmayıblar. Heç bir təşkilat Azərbaycan-Türkiyə münasibətlərinin araşdırılmasını tələb edə bilməz. Bu münasibətlər iki dövlətə aiddir və heç kim buna qarışa bilməz. "Human Rights Watch" təşkilatının əlində konkret olaraq insan haqlarının pozulmasına dair faktlar varsa, onu əsaslı şəkildə göstərməlidir. Yoxsa iki dövlətin münasibətlərinə kölgə salmaq yolverilməzdir.
- Dağlıq Qarabağ münaqişəsinin həllində susqunluq göstərən beynəlxalq təşkilatların Ukrayna böhranına daha həssas yanaşdıqlarını görürük. Bu nədən irəli gəlir?
- Azərbaycan mütəmadi olaraq Qərbin riyakar və ikiüzlülük siyasəti ilə üz-üzə qalır. Bu gün Rusiyaya sanksiya tədbiq edən Qərb gücü çatsa Rusiyaya hərbi güc də tədbiq edər. Ancaq buna nə gücləri, nə də qətiyyətləri çatmır. Qarant dövlət əslində işğalçı ordunun oradan çıxarılması üçün güc tədbiq etməli idi. Ukrayna hadisələri Böyük Britaniya və ABŞ hakimiyyətinin hətta öz dövlətlərinin ləyaqətlərini belə qorumağa qadir olmadığını göstərdi. Ona görə öz dövlətlərinin nüfuzunu qoruya bilməyən dövlətlərin bizə dərs keçməsi, məsləhətlər verməsi absurddur. Ukrayna hadisələri onu göstərdi ki, Qərb bu gün özünün ikili və riyakar siyasətinin ağrısını çəkir. Ermənistan məsələsində bunlar prinsipial mövqe tutsaydılar, birmənalı şəkildə qeyd etsəydilər ki, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır, o halda, beynəlxalq birlik daha mütəşəkkil olardı. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanısa da, Rusiya ilə bağları qoparmamalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Rusiyanın rolu böyükdür.
- Bu gün Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri bəzi politoloqların Ukrayna böhranının Azərbaycana sıçrayacağı iddialarıdır. Azərbaycanla Ukraynanı eyniləşdirmək nə qədər doğru sayıla bilər?
- Krımda Rusiyanın hərbi bazaları olduğundan Krım Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Ölkənin daxilində yetərincə özbaşnalıq höküm sürürdü. Əhali ölkə rəhbərliyindən kifayət qədər narazı idi. Bu baxımdan da Maydan hadisələri baş qaldırdı. Azərbaycanla Ukraynanı eyniləşdirmək gülüncdür. Ukrayna bir sıra məsələlərə görə Avropa ilə assossativ saziş imzaladı amma Azərbaycan buna getmədi. Ukraynanın bir sıra siyasətçiləri Rusiayanın ən aşağılayıcı təkliflərini qəbul etdi, bir hissəsi isə Avropanın. Bu baxımdan ölkə daxilində ayrılıqlar yarandı. Azərbaycanda isə bunları həyata keçirmək qeyri-mümkündür. Çünki Azərbaycanın daxilində bu yoxdur və burada situasiya fərqlidir. Ölkə başçısının Rusiyanın prezidenti ilə qarşılıqlı əməkdaşlığı mövcuddur və normal siyasət aparır.
- Müsavat, AXP və El Hərəkatı birgə Strateji Düşüncə Mərkəzi adı altında qurum elan etdilər. Bu Milli Şuraya və AXCP-yə qarşı yaradıla bilərmi?
- Bunların hamsı bir yerdə olanda da, ayrı-ayrı olanda da imkanlarını görmüşük. Bunlar ayrılıqda bir-birlərinə daha çox nifrət edirlər, nəinki, hazırkı iqtidara. Budur bunların münasibətləri. Azərbaycanda İsa Qəmbərlə Əli Kərimli qədər bir-birlərinə nifrət edən insanlar yoxdur. 2013-cü il prezident seçkilərində ümüd edirdilər ki, Rüstəm İbrahimbəyovun köməyi ilə Rusiya onları hakimiyyətə gətirəcək. Görəndə ki, verilən vədlər yerinə yetirilmədi, hamsı çəkildi kənara. Onların partiyalarında yeni insanlar, yeni intellekt yoxdur. Həmin insanlardır ki, üç-üç gah bu yanda, gah da o yanda toplaşırlar. Bu cür təşkilatları heç bir halda qəbul etmirəm. Onlar ancaq mənasız işlərlə məşğuldurlar.
- Bəzi məmur övladlarının sosial şəbəkələrdə bahalı əyləncələrini reklam etmələrinin ardınca dövlət tərəfindən daha ciddi tədbirlərin görüləcəyi nə qədər mümkündür?
- Qanunu pozan bir neçə məmur övladlarına qarşı ciddi tədbirlər görüldü. Hətta valideyinləri belə işlərindən uzaqlaşdırıldı. Hesab edirəm ki, bu bütün məmur övladlarına şamil edilməlidir. Çünki birini digərindən seçəndə təzad yaranır. Bir məmur cəzalandırılır, digərinin övladı yenə də bu addımı atır. Dövlətin qanunları hər kəsə aiddir. Heç kim arasında fərq qoyulmamalıdır. Prezident İlham Əliyevin bununla bağlı apardığı siyasət ardıcıl olaraq davam etdirilməlidir. Prezidentin fəaliyyətini yaxından izləyən bir siyasətçi kimi əminəm ki, bu cür məmur övladları ciddi şəkildə cəzalandırılacaq.
- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərə necə hazırlaşır?
- Ölkədə keçirilən bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də partiyamız aktiv şəkildə iştirak edəcək. Prezident və parlament seçkilərinə olan maraq qədər bu seçkilrə də maraqla hazırlıqlar başlayıb. İstərdik ki, digər dövlətlər də olduğu kimi Azərbaycanda da bələdiyyələrin səlahiyyətləri artırılsın. O zaman bələdiyyə seçkilərinə maraq daha da artacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB