Zakir Həsənov: "Cəbhə bölgəsində gərginliyin artması həqiqətə uyğun deyil"

Zakir Həsənov: "Cəbhə bölgəsində gərginliyin artması həqiqətə uyğun deyil"

"Əsgərlərimiz mərd, qəhrəman və düşməndən qorxmayaraq hər an hazırdırlar ki, qarşılarında duran vəzifələri yerinə yetirsinlər, vətəni müdafiə etsinlər". SİA-nın xəbərinə görə, bunu jurnalistələrə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Jurnalistlərin son zamanlar Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin artması ilə bağlı sualına cavab olaraq Z.Həsənov bildirib ki, cəbhə bölgəsində gərginliyin artması həqiqətə uyğun deyil: "Deməzdim ki, cəbhə bölgəsində gərginlik artıb. Mütəmadi olaraq cəbhə xəttində atəşkəs pozulur. Ancaq bilin ki, tam əmin ola bilərsiz ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və düşmənə layiqli cavab verir və verəcək".

Cəbhə xəttində yerləşən hərbi hissələrə keçirdiyi baxış və Naxçıvanda keçirilən irimiqyaslı təlimlərlə də bağlı fikirlərini açıqlayan nazir qeyd edib: "Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrdə islahatlar davam edir. Bu islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublikasının müdafiəsinin gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun yaradılıb. Biz bu Əlahiddə Ümumqoşunun fəaliyyətini, onun hazırlığını, onun həm sayıqlığını, həm də idarəçiliyini yoxlamaq üçün Naxçıvanda irimiqyaslı təlimlər keçirdik. Mən deyə bilərəm ki, doğrudan da təlimlərdə 11 briqada iştirak edirdi və yüksək səviyyədə döyüş hazırlığını nümayiş etdirdilər. Hətta bizə lazım idi ki, biz yaradılmış bu Əlahiddə Ümumqoşunun döyüş vəziyyətini, qarşıda duran vəzəfələrin yerinə yetirilməsinə hazırlığını görək. Mən bir nazir kimi tam məmnunluqla deyə bilərəm ki, ordunun fəaliyyətindən, döyüş hazırlığından tam razıyam. Həm idarəçilik, həm silah-sursatın hazırlığı, həm şəxsi heyətin ruh yüksəkliyi bizi sevindirir. Biz əminik ki, Naxçıvanda yerləşən əlahiddə ordu qarşıda duran vəzifəni yüksək səviyyədə yerinə yetirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə