Elman Abdullayev: “Əsas məsələ Ermənistanın cəzasız qalmasıdır” MÜSAHİBƏ

Elman Abdullayev: “Əsas məsələ Ermənistanın cəzasız qalmasıdır” MÜSAHİBƏ

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SƏS TV-yə müsahibəsi:

- Elman müəllim, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Həmin iclasda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi ki, "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq edilməli idi". Siz bu fikirləri necə şərh edərdiniz?

- Cənab Prezident həmin iclasda xüsusi olaraq beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanla bağlı ikili standartlı yanaşmanın nümayiş etdirilməsini vurğuladı. Digər məqam Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən böyük bir ədalətsizliklə üzləşməsi və beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşması idi. Bilirsiniz ki, bir neçə müddət bundan öncə həmsədr ölkələrin prezidentləri bir sıra bəyanatlar qəbul etdilər. Sözügedən bəyanatlarda daha çox qabardılan bir vurğu var idi. Bu ondan ibarət idi ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud olan status-kvo beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir. Ermənistanın status-kvonu süni yollarla uzatmağa çalışması, beynəlxalq hüququ pozmağa davam etməsi və s. beynəlxalq ictimaiyyət tərəfindən ən böyük ikili standartlılığın nümayişidir. Bu gün həmsədr ölkələr vasitəçilik missiyası çərçivəsində həm Ermənistanda, həm də Azərbaycanda görüşlər keçirirlər. Lakin burada ən önəmli məqam Ermənistanın sülhə məcbur edilməsidir. Cənab prezident ikili standartlaşmanı qeyd edərkən xüsusi olaraq vurğuladı ki həmsədrlər və beynəlxalq ictimaiyyət Ermənistana təzyiq etməlidir. Çünki burda əsas məsələ Ermənistanın cəzasız qalmasıdır. Ermənistanın işğalçı siyasəti həyata keçirməsinə və beynəlxalq hüququ pozmasına baxmayaraq bu ölkəyə qarşı təzyiq göstərilmir. Bu gün cənab Prezidentin də qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının qərarları, İslam əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, Avropa parlamentinin qətnamələri var. Lakin təəssüf ki bunların heç biri icra olunmur. Digər önəmli məqam ondan ibarətdir ki cənab Prezident xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan dünyada rəğbətini qazanmış bir ölkədir. Azərbaycan bu statusu da sözsüz ki beynəlxalq aləmdə ədalətli prinsipal mövqe nümayiş etdirməsinə görə qazanıb. Azərbaycan beynəlxalq ədalətin qorunmasında öndə gedən ölkələrdəndir. Ölkəmizin beynəlxalq ictimaiyyətin inkişafında töhfəsi böyükdür. Təbii ki, Azərbaycan dövlətinin başçısının da narahatçılığı və beynəlxalq ictimaiyyətin bu məsələyə töhfə vermədiyi bununla bağlıdır. Bu hadisədən də ən çox əziyyət çəkən Azərbaycan xalqıdır. Bu gün Azərbaycan xalqının bir nömrəli istəyi torpaqlarımızın geri qaytarılması və ərazi bütövlüyümüzün bərpasıdır.

- Suriyadan qaçqın düşən ermənilərin hələ də Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması prosesi davam edir. Bu məsələlərə necə baxırsınız?

- Biz dəfələrlə bu məsələdə Ermənistanı ifşa edərək, onun çirkin əməllərini beynəlxalq ictimaiyyətə nümayiş etdirmişik. Əgər xatırlayırsınıza, 2005-ci ildə ATƏT-in Fakt Araşdırma missiyası var idi. 2010-cu ildə isə ATƏT-in Sahə Araşdırma missiyası həyata keçirilidi. Bu missiyaların hesabatlarında yalnız Fakt Araşdırma missiyasının hesabatı dərc olundu. Əgər biz dərc olunan hesabata nəzər salsaq görərik ki, burada Azərbaycanın bütün narahatçılığı, ölkəmizin hesabatında göstərilən bütün qeyri-qanuni məskunlaşma faktları öz əksini tapdı. Bu gün də Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni əməllərinə dair faktlar beynəlxalq ictimaiyyətə yenidən təqdim olunmaqdadır. Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş katibinə silsilə şəklində məktublar təqdim olundu. Beləcə bu, rəsmi sənəd kimi BMT-də paylanıldı. Həmin sənəddə, rəsmi Yerevan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni məskunlaşma həyata keçirməsi, Azərbaycan mədəniyyəti, tarixinə aid coğrafi ölkə adlarının dəyişdirilməsi faktları, eləcə də Ermənistan tərəfindən cəbhə xətti boyunca həyata keçirilən təxribat əməllərinə dair məlumatlar öz əksini tapdı. Yəni bu hesabatlar ardıcıl, mütəmadi olaraq beynəlxalq ictimaiyyətə təqdim olunur. Sizi əmin edirəm ki, beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədləri Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən bu qeyri-qanuni əməllər haqqında tam ətraflı məlumatlıdırlar. Təbii ki, digər məqam isə onların bu məsələyə yanaşmasıdır.

- ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik mütəmadi olaraq şəxsi "twitter" səhifəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən ikili standartlıqdan çıxış edir, hər zaman işğalçı ölkənin fikirlərinə dəstək verir. Ümumiyyətlə, bir həmsədr kimi onun bu hərəkətləri necə qiymətləndirilir?

- Ümumiyyətlə hesab edirəm ki, vasitəçilik missiyasını həyata keçirən həmsədr, diplomat üçün tərəflərdən birinin rəğbətini, etimadını itirmək ən böyük diplomatik uğursuzluqdur. Vasitəçilik missiyasını həyata keçirən bir şəxs yalnız bir prinsipi öndə tutmalıdır. Təbii ki, bu da ədalətin bərpa olunmasına nail olmaqdır. Bir həmsədr ölkənin və onu təmsil edən diplomatın vəzifəsi həmin o ədalətin bərpa olunması üçün əlindən gələni etməsidir. Bu diplomat üçün olduqca önəmli məsələdir.

- Son olaraq Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Sizcə, bu görüş indiyədək keçirilən digər görüşlərdən nə ilə fərqlənəcək? Burada hansısa uğur əldə oluna bilərmi?

- Azərbaycan artıq öz mövqeyini həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də rəsmi Yerevana çox aydın şəkildə təqdim edib. Birincisi, biz günü bu gün hərtərəfli sülh sazişini imzalamağa hazırıq. İkincisi, 2009-cu ildə yenilənmiş Madrid prinsiplərində əks olunan sənədləri baza prinsipləri kimi qəbul edirik. Üçüncüsü isə münaqişənin mərhələ əsasında həllinin tərəfdarıyıq. Yəni, ilk mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələri çıxarılmalıdır, ikinci mərhələdə kommunikasiyalar bərpa olunmalı və bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarına qayıtmalıdır və s. Beləcə, ölkəmizin mövqeyi çox aydın və konkretdir. Burada başlıca problem rəsmi Yerevandadır. Çünki rəsmi Yerevan öz mövqeyini aydın şəkildə ortaya qoymur, müxtəlif bəhanələrlə status-kvonu, işğal faktını möhkəmləndirməyə çalışır və s. Amma buna baxmayaraq gec-tez Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq. Bu gün Ermənistan tərəfi snayperlər məsələsini bəhanə gətirir və deyir ki, cəbhə xəttindən snayperlər götürülməlidir. Bu gün cəbhə xəttində gərginlik var. Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlıq qüvvələri nə gəzir? Gəlin biz ilk növbədə biz bundan başalayaq. Məhz buna görə də biz mahiyyət üzrə danışıqların aparılmasının tərəfdarıyıq. Beləcə məsələ köklü şəkildə öz həllini tapmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə