Mərkəz sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın MDB-də nüfuzunu yüksəldə bilər”

Mərkəz sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın MDB-də nüfuzunu yüksəldə bilər”

"Krım böhranı Rusiyanın beynəlxalq imicinə ciddi zərbə olsa da, atdığı addımdan geri çəkilmədi və böyük dövlətlərə qarşı meydan oxudu. Buna baxmayaraq, Rusiya post-sovet məkanında siyasi, iqtisadi və təhlükəsizlik baxımından üstünlüyünü müəyyən dərəcədə qoruyub saxlayır. Vladimir Putinin yenidən prezident seçilməsindən sonra Rusiya bu ağırlığını və mövqeyini daha da gücləndirməyə cəhd edir, müəyyən işlər görür". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın son addımlarını şərh edərkən deyib.

H.Cabbarlı deyib ki, bunlarla yanaşı, Rusiya MDB məkanında mövcud olan münaqişələrin həll olunması üçün işlər aparır: "Doğrudur ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində atdığı addımlar fayda verməsə də, həmsədr kimi Rusiya münaqişənin həll olunması üçün müəyən addımlar atır. Ancaq Rusiyanın Ukraynaya təcavüzündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımlar atacağı sual doğurur. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğu dəyərləndirilərkən qarşımıza müəyyən faktlar çıxır. Artıq 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupu yaradılıb və Rusiya da onun həmsədr dövlətlərindən biridir. Rusiyanın ilhaqçı siyasəti davam etsə belə, hesab edirəm ki, hələlik ATƏT-in Minsk qrupunun tərkibində dəyişkilik edilməsi ilə bağlı məsələ qaldırmaq məqsədəuyğun deyil. Çünki, pis və ya yaxşı Rusiya problemin mahiyyətini, tarixi keçmişini, hüquqi vəziyyətini digər həmsədr dövlətlərdən daha yaxşı başa düşür və burada xüsusi marağı var. Bu maraq iki istiqamətdə təsnif oluna bilər. Birinci, Rusiya istəyir ki, münaqişə davam etsin və Azərbaycan və Rusiyaya təzyiq etməyə mexanizm olsun. İkinci, münaqişə hər iki dövlətin nə məğlub, nə də qalib olması şəklində həll olunsun. Beləliklə, Rusiyanın post-sovet məkanında imici daha da yüksəlir və mövqeyi güclənir. Təəssüf ki, hələlik Rusiya münaqişənin həllinə birinci nöqtəyi nəzərdən yanaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə