Elman Nəsirli: “AKP xalq və xalqın güzəranı naminə atdığı addımlara görə də qiymətləndirildi”

Elman Nəsirli: “AKP xalq və xalqın güzəranı naminə atdığı addımlara görə də qiymətləndirildi”

"Türkiyədə bələdiyyə seçkilərində hakim AKP-nin (Ədalət və İnkişaf Partiyası) qalib gəlməsini artıq qəbul etmək lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Türkiyədə baş tutan bələdiyyə seçkilərinin nəticələrinə münasibətini bildirərkən deyib.

"Son aylarda Türkiyədə yaşanan hadisələr fonunda bəzən düşünürdülər ki, AKP-nin qalib gəlmə şansı kifayət qədər deyil" -deyə, qeyd edən politoloq həmçinin bildirib ki, bütün bunların fonunda hakim partiya üstünlüyünü qoruyub saxlamağa müvəffəq oldu: "Amma buna baxamayaraq, seçkilərin gedişatı bir daha onu göstərdi ki, AKP-nin xarizmatik lideri var və xalq onlara 2002-ci ildən hakimiyyətə gəldikləri müddət ərzində ölkə iqtisadiyyatında qazandığı uğurlara, əhalinin işsizliyinin aradan qaldırılması istiqamətində atılan müsbət addımlara görə səs verdi. İqtidar xalq və xalqın güzəranı naminə atdığı addımlara görə də qiymətləndirildi. Deyərdim ki, xalq müəyyənliyə səs verdi. Çünki xalq gözəl dərk edirdi ki, əgər Ədalət və İnkişaf partiyası qalib gəlməsə, digər partiyaların tək başına qalib gəlməsinə şans yoxdur. Ədalət və İnkişaf partiyasının qalibiyyəti proqnozlaşdırılan idi".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə