"31 mart və ya Xocalı faciəsi soyqırımı tariximizin unudulmayacaq səhifələridir. Azərbaycan xalqı 200 illik soyqrımın tarixini yaşayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixini dərindən bilən biri olaraq hər zaman deyirdi ki, Azərbaycanın XIX-XX əsrləri, 200 illik tarixi yenidən araşdırılmalıdır. Çünki həmin dövrün tarixi təhrif olunmuş şəkildə xalqa çatdırılıb". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 31 Mart - Azərbaycanlıların soyqırımı hadisələrindən danışarkən deyib.
Onun sözlərinə görə, ermənilərin Azərbaycana köçürülməsi XIX əsrdə Gülüstan və Türkmənçay müqaviləsindən sonra başlayıb: "İlk dəfə 1828-ci ildə İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılıb. O vaxta qədər Cənubi Qafqazda ermənilərin nə siyasi, nə də inzibati vahidi yox idi. Artıq bundan sonra erməni dövlətinin yaradılmasına başlanıldı. O vaxtdan başlayan tarixi mahiyyət ondan ibarət idi ki, erməni dövləti Azərbaycan torpaqlarında yaradılsın. Bunun üçün təbii ki, Azərbaycan xalqı öz torpaqlarından məhrum edilməli idi. Danılmaz faktdır ki, xalqımızın kütləvi şəkildə öldürülməsinə Çar Rusiyasının göstərişi ilə başlanmışdı. Həmin əraziyə köçürülən ermənilər isə onlar tərəfindən himayəyə götürülərək silahlandırılıb xalqımızın üzərinə yeridilirdi".
Y.Mahmudov qeyd edib ki, bu işin gedişində ilk dəfə olaraq 1905-07-ci illərdə Qarabağda, İrəvan mahalında, eləcə də Zəngəzurda kütləvi şəkildə insanların öldürülməsinə başlanıldı: "Soyqırımın tarixi XIX əsrin əvvəllərindən başlayır. Bir sözlə, Azərbaycan xalqı çox faciəli bir tarix yaşayıb. Ulu Öndər Heydər Əliyevin xüsusi qayğısı sayəsində tarixi həqiqətləri özündə əks etdirəməyən bütün sənədləri ortadan qaldırdıq. Onun imzaladığı fərmanla 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir".
"Tarix İnstitutunun əldə etdiyi yeni sənədlər Stepan Şaumyanın üzdə bolşevik, əslində isə daşnak partiyasının üzvü olduğunu sübut edir"- deyən İnstitutun direktoru fikirlərinə əlavə edib ki, həmin sənədlərdə Şaumyan hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan əhalisini məhv etməkdən ötrü ən cəllad daşnak qatillərini Bakıya toplamağa başlamışdı: "Beləliklə də Şaumyan Azərbaycan xalqının qətlinə fərman verdi. Əlimizdə olan digər bir sənəd isə odur ki, Şaumyan 26-larla birlikdə güllələnməyib. 26-lar güllələndən sonra o, Anastas Mikoyanla birlikdə hələ 10 gün bir həbsxanada cəza çəkib".
Yaqub Mahmudov həmçinin qeyd edib ki, "Sahil bağı"nda aparılan qazıntılar zamanı 26 yox, 23 cəsədin çıxarılması artıq onu göstərir ki, tarix saxtalaşdırılıb: "Məlum oldu ki, 40 yaşında olan Stepan Şaumyanın cəsədi orada yoxdur. Eyni zamanda xalqımızı öldürmək üçün gətirilən digər cəlladların da cəsədləri tapılmadı. Bütün bu sənədlərin hamısı bizim əlimizdə var. Bu da onu göstərir ki tarix yenidən yazılmalıdır. Əlimizdə minlərlə sənədlər var ki, ermənilər Van gölünün ətrafından bura köçürülüblər. Bu torpaqda ermənilər yaşamayıb. Onlar sonradan burada dövlət yaradıblar. Sənədlərimiz bir daha sübut edir ki, soyqırımlarımızın 200 illik tarixi var".
Tarix elmləri doktoru Yaqub Mahmudov sonda əlavə edib ki, tarix o zaman bizim üçün faydalı olur ki, biz ondan ibrət dərsi alırıq: "Tarixdən ibrət dərsi almasaq, o zaman xalq həmin hadisələri təkrar yaşamalı olur. Tarixdən ibrət dərsi almaq üçün onu dərindən öyrənmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB