BMT-nin qəbul etdiyi qərar Ukraynanı psixoloji olaraq rahatlada bilər
"Son aylar ərzində Rusiya-Ukrayna arasında yaşanan böhran Rusiyanın Krımı ilhaq etməsi ilə nəticələndi. Qəribə burasıdır ki, Rusiya Krımı ilhaq etməmişdən öncə həm Ukrayna, həm Avropa İttifaqı, həm də ABŞ belə bir hərəkətin Rusiya tərəfindən ediləcəyini güman edirdilər. Ancaq buna qarşı heç bir önləyici addım atmadılar". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı Krım böhranından danışarkən deyib.
H. Cabbarlı deyib: "Bundan istifadə edən Rusiya "referendum" keçirərək Krımı müstəqil dövlət elan etdi. Ardınca isə Rusiyaya birləşdirdi. Bu hadisələrin paralelində isə Ukrayna, Aİ və ABŞ Rusiyaya lazımi reaksiya və müqavimət göstərmədilər. Bütün təzyiqlərə, iqtisadi və siyasi sanksiyalara rəğmən Rusiya planlaşdırdığı işi sona çatdırdı".
Mərkəz sədri vurğulayıb ki, Ukrayna, Aİ və ABŞ Krım məsələsini BMT-də müzakirəyə çıxarsalar da, bunun ciddi nəticələr verəcəyi inandırıcı deyil: "Azərbaycan torpaqları işğal olunan zaman BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi. Təəssüf ki, bu qətnamələrdən irəli gələn öhdəliklər hələ yerinə yetirilməyib. Yəni, BMT Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur edə bilmir. BMT-nin qəbul etdiyi qərar da Ukrayna dövlətini və xalqını psixoloji olaraq rahatladan qətnamədir. Hesab edirəm ki, bu qətnamənin hüquqi sanksiyalara gətirib çıxaracağını söyləmək tələskənlik olardı. Bu baxımdan BMT-nin aldığı bu qərar Rusiyanın əl-qolunu bağlamayacaq. Yəni, Rusiya bundan sonra həm Krıma, həm də onun kimi təhlükəli bölgələrə yönəlik siyasətinə davam edəcək".
"Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra keçmiş Sovet məkanında belə problemli bölgələrdə yenidən münaqişələrin qızışması və silahlı müstəviyə keçməsi ehtimalı hər gün bir az daha artır. Çünki, son zamanlar bir sıra münaqişə ocaqlarında canlanma hiss edilməkdədir. Eyni zamanda onların özləri də Rusiyaya birləşmək kimi tələblərlə gündəmə gəlirlər"- deyə, H. Cabbarlı vurğulayıb.
H. Cabbarlı deyib ki, qarşıdakı aylarda Rusiya-Qərb qarşıdurmasının dinamizmini artacaq: "Bu ehtimal çox yüksəkdir. Ancaq Rusiya iqtisadi, xarici və daxili siyasəti ilə bu təzyiqlərə davam gətirə biləcək görüntü sərgiləyir. Ona görə də tərəflər arasındakı qarşıdurmada Rusiyanın mövqe itirəcəyi mümkün görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB