Bahar Muradova: “Mən bu fikirləri çox böyük narahatlıqla qarşılayıram” MÜSAHİBƏ

Bahar Muradova: “Mən bu fikirləri çox böyük narahatlıqla qarşılayıram” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:

- Bahar xanım, Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 10 il ərzində bir sıra sərəncamlar imzalayıb, fərmanlar verib, qərarlar qəbul edib. Ümumilikdə bütün bunlar ölkəmizin inkişafına daha hansı uğur gətirə bilər?

- Cənab Prezident İlham Əliyevin hakimiyyətə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi daxili və xarici siyasət, verdiyi qərarlar, imzaladığı sərəncamlar, ölkəmizin inkişafı üçün müəyyənləşdirdiyi istiqamətlər və bu istiqamətlərin reallaşması üçün həyata keçirilən dövlət proqramları, genişmiqyaslı layihələr və s. Azərbaycanın iqtisadi, siyasi, sosial və mədəni sahədə inkişafını, ölkə vətəndaşlarının rifahının yaxşılaşmasını tənzimləyəcək qərarlar, layihələr və proqramlardır. Bu əlbəttə ki, Azərbaycan dövlətinin, onun möhkəmlənməsi, dünyada rolunun artırılmasına və s. xidmət edir. Eləcə də ölkə Prezidentinin apardığı xarici siyasət və bu siyasətin ayrı-ayrı məqamları ilə bağlı verdiyi qərarlar, ikitərəfli və çoxtərəfli münasibətlərin təkmilləşməsi istiqamətindəki tutduğu mövqe və atdığı addımlar, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi, Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri sırasına qoşulması ilə bağlı məsələləri xüsusi qeyd etmək lazımdır. Biz cənab Prezidentin həm ölkə daxilində, həm də ölkə xaricindəki fəaliyyətindən qürur duyuruq. Bu siyasət Azərbaycan xalqı, eləcə də digər ölkələr və xalqlar üçün proqnozlaşdırılan siyasətdir. Ölkəmizin digər dövlətlərlə həyata keçirdiyi münasibətlər Azərbaycanın strateji tərədaşlarının, dostlarının sayını artırıb. Bununla belə bu, Azərbaycana qarşı aqressiv mövqe tutan ölkələrin siyasətinin dəyişməsinə çox ciddi təsir göstərir. Eləcə də ölkəmizin ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında ölkələrin ərazi bütövlüyünə əsaslanaraq həlli imkanlarını genişləndirir.

- Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı hər bir Azərbaycan vətəndaşı tərəfindən olduğu kimi, mənim tərəfimdən də yüksək qiymətləndirilir. Çünki Azərbaycanın belə vacib tədbirlərdə iştirakı ölkənin getdikcə artan nüfuzu və əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə xüsusilə iqtisadi və enerji layihələrində artan rolu ilə bağlıdır. Cənab Prezidentin sammitdəki çıxışına gəlincə, hesab edirəm ki, orada söylənilən fikirlər hər bir Azərbaycan vətəndaşının mövqeyidir. Ölkə başçısı Nüvə Təhlükəsizliyi məsələsinin hazırki dünya düzənində nə qədər vacib yer tutduğunu vurğulamaqla yanaşı, bunu təhdid edən və bu təhlükəsizliyin təmin olunmasına maneəçilik törədən amilləri, xüsusilə region ölkələri (Cənubi Qafqaz) üçün çox ciddi fəsadlar törədə biləcək Ermənistanın Atom Elektrik Stansiyasının (AES) hələ də fəaliyyətinin davam etdirməsinə münasibətini bildirməklə region ölkələrinin, o cümlədən Azərbaycan vətəndaşının narahatçılığını diqqətə çatdırıb. Bununla da dövlət başçısı beynəlxalq qurumun diqqətini bu məsələyə bir daha yönəldib. Çünki Ermənistan təcavüzkar siyasət yürüdən bir ölkə kimi öz fəaliyyətini davam etdirməklə yanaşı, həm öz vətəndaşları, həm də region ölkələri və region əhalisi üçün narahatçılıq doğuran fəaliyyət sahəsini davam etdirməkdədir.

Hesab edirəm ki, sammitdə Prezident yerində və zamanında bu məsələ ilə bağlı fikirlərini söylədi. Çünki dünya təkcə müharibələrdən, etnik konfiliktlərdən və separatçılıqdan əziyyət çəkmir. Yaponiyada baş verən məlum hadisənin bu günə qədər nə dərəcədə böyük fəlakətlər törətdiyini heç kim unutmur. Əlbəttə, Ermənistandakı AES-i Yaponiyadakı stansiyalarla müqayisə etmək mümkün deyil. Baxmayaraq ki Ermənistan prezidenti bu çıxışa cavab olaraq özünün səviyyəsinə uyğun mövqe ifadə edib amma bu da bir daha işğalçı ölkənin hazırki iqtidarının siyasətinin mahiyyətini və onların mənəviyyatını ifadə edir. Azərbaycan Prezidenti faktlarla danışdığı halda işğalçı ölkənin prezidenti yalnız bu təhlükələri pərdələməyə çalışaraq etik çərçivədən kənara çıxan ifadələr işlədib. Məhz buna görə də biz ölkə başçısının bu mövqeyini dəstəkləyirik.

- Ukraynada baş verən hadisələrlə bağlı nə deyə bilərsiniz?

- Hal-hazırda Rusiya ilə Ukrayna arasında olan münasibətlər elə bir səviyyədədir ki, ən müxtəlif fikirlər, proqnozlar burada verilə bilər. Azərbaycan tərəfinin mövqeyi belədir ki, yalnız sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Təbii ki, biz bu mövqeyimizi də bu məqamlarda hər zaman bildiririk. Əlbəttə ki, proseslər heç də hər zaman bu çərçivədə davam etmir. Bu gün müharibə təhlükəsinin artması ilə bağlı bir çox ekspertlərin, politoloqların və siyasətçilərin fikri ortadadır. Təbii ki, mən bu fikirləri çox böyük narahatlıqla qarşılayıram. Arzum odur ki, bütün məsələlər sülh yolu ilə başa çatsın.

- ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Urolikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ermənipərəst mövqeyini siz necə xarakterizə edərdiniz?

- Təbii ki, vasitəçilərin mandatı, onlara ayrılmış səlahiyyət ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu tərəflər arasında danışıqların aparılmasına şərait yaradırlar və həll variantlarını axtarırlar. Əlbəttə, hansısa bir tərəfi tutmaq vasitəçilik missiyasına uyğun gəlmir. Amma hazırki şəraitdə Azərbaycanla Ermənistan arasında olan münaqişənin vəziyyəti ondan ibarətdir ki, burada həm vasitəçilər, həm vasitəçi olmayanlar, həm də bu prosesi müşahidə edənlər beynəlxalq hüququn prinsiplərinə uyğun mövqe sərgiləməli və haqqı müdafiə etməlidirlər. Təbii ki, ədalət və haqq da ondan ibarətdir ki, həqiqətən də Azərbaycanın əraziləri işğala məruz qalıb, ölkəmiz burada zərərçəkmiş tərəfdir. Ölkə vətəndaşları qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Əgər bu münaqişənin həlli hansısa ölkələrə və bu ölkənin həmsədrlərinə həvalə olunubsa, bu zaman onlar obyektiv şəkildə məsələnin nə yerdə olduğunu düzgün söyləməlidirlər. Təbii ki, bunu da söyləyəcək olsalar, Ermənistanı işğalçı, Azərbaycanı isə təcavüzə məruz qalan ölkə kimi təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə