Eldar Mahmudov: “MTN-in əsas funksiyasında Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi durur”
"Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini birmənalı olaraq uğurlu hesab etmək olar". SİA-nın məlumatına görə, bu sözləri Milli təhlükəsizlik naziri Eldar Mahmudov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, MTN-in fəaliyyəti nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə yüksək nəticələr əldə edilib.
E. Mahmudov vurğulayıb ki, Azərbaycan Respublikasının, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim Milli Təhlükəsizlik Nazirliyinin diqqət mərkəzindədir: "Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir. Nazirlik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də mübarizə sahəsində fəaliyyətini uğurla davam etdirir. Son illər ərzində transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən tonlarla narkotik vasitə aşkar edilərək götürülüb".
E. Mahmudov müsahibəsində onu da qeyd edib ki, qurumun yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. MTN həmçinin erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin ölkəmizdə terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB