"Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" FOTOLAR

"Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" FOTOLAR

Bu gün Azərbaycan Diplomatik Universitetində "Şimali Atlantika Alyansı 21-ci əsrdə. NATO-nun Böyük Britaniya sammitinin perspektivləri" mövzusunda mühazirə keçirilib. SİA-nın məlumatına görə, mühazirədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Rumıniya xarici işlər nazirinin müavini, strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Mühazirədə çıxış edən B.Auresku NATO-nun fəaliyyəti və ölkələrlə əməkdaşlığı barədə məlumat verib. O, NATO ilə Azərbaycan arasında mövcud əlaqələrə də toxunaraq qeyd edib ki, Azərbaycan NATO-nun çox mühüm tərəfdaşıdır və Rumıniya NATO ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə daim dəstək göstərəcək.

Nazir müavini bildirib ki, "Şərq Tərəfdaşlığı" regionu strateji əhəmiyyət kəsb edir və ona görə də bu regionda mövcud olan bütün münaqişələr, xüsusən də Ukraynada baş verən hadisələr təhlükəsizlik üçün təhdidlər yaradır: "Rumıniya Azərbaycan ilə strateji əməkdaşlığı bundan sonra da inkişaf etdirməkdə maraqlıdır".

Daha sonra Araz Əzimov çıxış edərək deyib ki, "Şərq Tərəfdaşlığı" regionunda mövcud olan bütün münaqişələr ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll edilməlidir: "Azərbaycan dövlətlərarası münasibətlərdə beynəlxalq prinsiplərə əsaslanır. Azərbaycan NATO ilə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir".

XİN müavini Ukraynada baş verən proseslərə də münasibət bildirərək qeyd edib ki, Azərbaycan Ukraynadakı vəziyyətin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "Azərbaycan Ukraynada sülh və sabitliyin təmin edilməsinin tərəfdarıdır".

Mühazirə iştirakçıların suallarının cavablandırılması ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə