Əziz qadınlar !
Sizi ilin cəmi bir günündə hamılıqla ən yüksək sözlərə və hədiyyələrə qonaq edənlər, ilk növbədə, Analarımızın qarşısında baş əyməlidir. Ola bilsin ki, bunları məclis sözü kimi qəbul edib keçmək də mümkündür. Lakin bəllidir ki,dünyada canlı varlığın və müqəddəs davamlılıq missiyasının yükü onların çiyinlərində daşınır. Bu bəşəri vəzifəni yerinə yetirən insanların təsvirini verərəkən peyğəmbərlər belə sözün tam qüdrətinin yetmədiyini etiraf etmişlər. Qadına şərəf verirkən, onların uğrunda Troya müharibəsinə çıxanlar da, yaxud tunc heykəlini yoğuranlar və ya kətan təsvirini verənlər də Tanrının ən gözəl yaradılışının məhz xanımlar olduğunu bəyan etmişlər.
Çox sevdiyim Çili yazıçısı Pablo Neruda Anasının təsvirini poetik bir obrazla çəkərkən Qadını zülmət qaranlıqda işığa, boş təknədəki çörəyə və hər gün övladına qulluq edərkən səhərdən axşama kimi min bir zəhmətə qatlaşıb ən sonda ölümə qovuşaraq ilk dəfə balasının qarşısında "işsiz" qalan bəndəyə oxşadanda necə də haqlı idi. Ayağında çarıqları və qabarlı əllərilə kasıb daxmasında zinət yaradanlar, ipləri süzülmüş libası altında yazıqlığını gizlədib məğrur dayanaraq oğluna-qızına mərdlik, mübarizlik və mətanət aşılayanlar şübhəsiz ki, hər cür ehtirama layiqdirlər.
Bir dəfə demişdim ki, gəlin cənnəti analarımızın ayağı altında bilib də onların başlarının üstünü cəhənnəmə çevirməyək. Çünki qadına zorakılıq edən və onun zəifliyi üzərində hakimiyyətini quran güclü cinsin taxt-tacı möhkəm ola bilməz. Ən yaxşı millət xanımlara özü olmaq imkanı verən toplumdur. Cəmiyyətin humanizmi yalnız bununla ölçülə bilər. Yoxsa onlara hərbi libas geyindirib səngərə atan, qadından kişi yetişdirən xalqların mənəviyyat tərəzisi tam əyilmişdir, demək.
Dünyada çirkinlik anlayışı zərif məxluqlarla yanaşı çəkilə bilməz. Pis görən gözlər və qaranlıq qəlblərin halında hər cür dəyərsizliyə sürüklənən qadınlar fərdin deyil, bötöv bir xalqın faciəsi sayılmalıdır. Yəni, incəlik, kübarlıq qiymət almırsa,lütfkarlıq və mehribanlıq önəm daşımırsa, onda toplumun hansı ali məqamlara can atdığını təyin etmək o qədər də çətin deyil.
"Əzizim, ürəyim və canım" dediyiniz insanlara sadəcə istismar aləti olaraq baxanda qadın mənəvi varlıq olmaqdan çıxır,təbəəyə və alqı-satqı alətinə çevrilir. Xanımları kölə edib özün azad ola bilməzsən.
Əziz xanımlar!
Sizi xoşbəxt edə bilməyən kişiləri bağışlayın.Onlar layiq olduğunuz ən yüksək məqamın harada və necə olduğunu unudarkən də bütün yüklərini sizin zəif çiyinlərinizə qoyarkən də İsa peyğəmbər kimi düşünün ki,cahildilər və nə etdiklərini bilmirlər.
Qız uşaqlarınızı mətbəx əşyaları ilə böyüdüb onlardan Tomris, yaxud Sara Xatun olmaq gözləməyin. Qadın dövlət xadimi də ola bilər, diplomat da. Lakin ən böyük sərkərdəlik öz evinin, öz ailəsinin və beləliklə də öz mülkünin, həyat qalasının keşiyində ləyaqtətlə durmağı bacarmaqdır.Təhsili ilk növbədə, qadına verən,qızlarına yüksək ideaları aşılayan və onların ictimai-siyasi vəzifələrini tanıyan millətlərə zaval yoxdur. Böyük Cavid qadınla bəşəriyyətin yüksələcəyini söyləyərkən təkcə peyğəmbər uzaqgörənlyi etmirdi,həm də hamını bunu alnamağa çağırırdı.
Əziz qadınlar-Sizi təbrik edərkən romantik səyahətlər,qeyri-adi hədiyyələr və sentimental kəlamlar düşünən kavalerlərə sadəcə deyin- Sizləri xoşbəxt etməyin yolu təkcə bunlar deyil, həm də anlamaq, başa düşmək və sevməkdir! Xanımlara qəlb rahatlığı və könül xoşluğu vermədən onlara alınan zər-ziba heç bir dəyər kəs edə bilməz!
Dünən övlad, bu gün bacı, sabah Ana olan qızlarımız-Sizləri təbrik edirik! Nə yaxşı ki, Varsınız!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB