Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Səs Media Qrupunun birgə layihəsi olan "Unutmayaq Unutdurmayaq" filminin təqdimatı olub. SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, erməni millətçiləri vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək cinayətlər törədiblər: "Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Həmin gün erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı soyqırımı törədildi. Dinc əhali xüsusi qəddarlıqla qətlə yetirildi, əsir götürülən insanlar isə dəhşətli işgəncələrə məruz qaldı".
S.Orucov qeyd edib ki, Azərbaycanın ən böyük siyasi gənclər təşkilatı olan YAP GB Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün silsilə tədbirləri il boyu davam etdirir: "Xocalı soyqırımından 22 il ötməsinə baxmayaraq, bizlər hər il bu faciəni kədərlə anırıq. Azərbaycanda dünyaya açıq cəmiyyət formalaşır. Ancaq bu, düşmənlərimizi unudacağımız anlamına gəlmir. Çünki türklər illər boyu erməni xəyanətinin ağrı-acılarını çəkib".
Daha sonra Xocalı həqiqətlərini gözlər önünə sərən "Unutmayaq, Unutdurmayaq" filminin təqdimatı olub. Filmin əsas sujet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ölkə siyasilərinin və ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan Xocalı sakinlərinin fikirləri yer alıb.
Təqdimatdan sonra çıxış edən Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edib və deyib ki, filmin hazırlanmasında məqsəd ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Hazırda Azərbaycan bütün sahələrdə - həm iqtisadi, həm hərbi, həm sosial-siyasət sahəsində işğalçı Ermənistanı üstələyir. Azərbaycan həqiqətlərini təkcə ölkə vətəndaşlarının deyil, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ölkə xaricindən kənarda yaşayan soydaşlarımızı, onların yaşadığı ölkələrin vətəndaşlarını erməni vəhşilikləri, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqda xəbərdar etməliyik. Qoy, bütün dünyanın sülhsevər insanları bəşəriyyətə qarşı edilən bu vandalizm aktını lənətləsinlər, özlərini məzlum xalq kimi təqdim edən ermənilərin iç üzünü görsünlər. Bu yöndə təbliğatımızı gücləndirməliyik, Azərbaycanın haqq səsini bütün dünyaya yaymalıyıq".
Film barədə təəssüratını bölüşən B.Quliyev deyib ki, bu film işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün hətta şəhid olmağa hazır olan vətəndaşlarımıza əlavə stimul verir: "Hər birimiz vətənin bütövlüyü uğrunda şəhid olmağa hazır olmalıyıq. Çünki vətən torpağ bölünməzdir. Vətən uğrunda şəhid olmaq şərəfdir".
Filmdən təsirləndiyini vurğulayan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Xocalıda törədilən qətliam bizim milli faciəmiz olsa da ümümilikdə götürsək bu faciə insanlığa qarşı törədilən cinayətdir: "Dünya həm kor, həm də kardır. Ona görə ki, yalnız görmək və eşitmək istədiklərinə dəyər verirlər. Əgər belə olmasaydı, ATƏT PA-da Ermənistan prezidenti Serj Sarkisyan Xocalıda qətliam törətdiklərini bəyan edəndə ona qarşı tədbir görülərdi".
Tədbirin sonunda gənclərə bütün imkanlarından istifadə edərək filmi geniş auditoriyaya yaymaq tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB