Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilib
Bu gün Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı faciəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Avrasiya Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı faciədən 22 il ötdüyünü xatırladaraq bildirib ki, hər il faciə ilə bağlı ölkədə və ölkədən kənarda bir sıra tədbirlər həyata keçirilir: "Uzun illərdir ki, işğalçı ölkənin Azərbaycana vurduğu ziyanın beynəlxalq qiymətləndirilməsi aparılır. Bu, xarici ekspertlərin iştirakı ilə həyata keçirilir".
Tədbirdə erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Moldova Qiymətləndiricilər Cəmiyyətinin sədri Dmitri Tereburki bildirib ki, Azərbaycanda sülhün təmin edilməsi ilə bağlı çox işlər görülüb: "Azərbaycanlılara qarşı törədilən faciə dəhşətlidir. Faciəni törədənlər tezliklə öz cəzalarına çatmalıdırlar. Düşünürəm ki, Azərbaycan prezidentinin apardığı siyasət nəticəsində işğal olunmuş torpaqlar geri qaytarılacaq".
Azərbaycan Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev vurğulayıb ki, hərbi prokurorluğun faciəni törədənlərlə bağlı istintaqı davam edir: "Xocalı faciəsinin törədən 39 nəfərin istintaqa cəlb olunması ilə bağlı qərar qəbul olunub.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib ki, faciənin dünya ölkərində tanıdılması istiqamətində ölkəmizdə bir çox işlər görülür: ""Xocalıya Ədalət" kampaniyası çərçivəsində faciənin tanıdılması istiqamətində görülən işlər nəticəsində bir çox ölkələrin parlamentində faciə tanınır və onunla bağlı sənəd qəbul olunub. Azərbaycan ordusu torpaqlarımızın geri qaytarılması üçün bütün imkanlara malikdir. Lakin Azərbaycan xalqı buna hazır olmalı, gənclər bu istiqamətdə maarifləndirilməlidir. Biz müharibə istəyən ölkə deyilik. Lakin bizə qarşı edilənlərə biganə qala bilmərik. Buna tezliklə son qoyulacaq".
Daha sonra çıxış edən Xocalı rayon icra başçısı Şahmar Usubov vurğulayıb ki, işğal zamanı ölkəmizə həm maddi, həm də mənəvi ziyan dəyib:" Lakin buna baxmayaraq Azərbaycan dəfələrlə onları bağışlayıb, onlara yer verib, şərait yaradıb. Bu gün artıq dünya ölkələləri də ermənilərin iç üzünü görməyə başlayıblar. Azərbaycan dövləti sülhsevər dövlətdir və neçə illərdir ki, münaqişənin sülh yolu ilə həllinə dair əlindən gələni əsirgəmir. Lakin qarşı tərəf neçə illərdir ki, kompramisə gəlmir və danışıqlardan müxtəlif yollarla yayınmağa çalışır. Azərbaycan çox güclü dövlətdir. Artıq bütün dünya ölkəmizin gücünü görür və onu qəbul edir. Düşünürəm ki, ölkə başçısının səyləri nəticəsində torpaqlarımız geri qayıdacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar".
Çıxış edən yazıçı Çingiz Abdullayev vurğulayıb ki, faciənin ən yaxşı təbliğat istiqaməti müxtəlif dillərdə kitabların çap olunmasıdır: "İndiyə qədər Heydər Əliyev Fondunun dəstəyi ilə faciə ilə bağlı müxtəlif dillərdə kitablar nəşr edilib ki, bu kitablar faciənin dünya ictimaiyyətində tannıdılmasında mühüm rola malikdir. Bu cür kitabların sayının artırılması məqsədə uyğundur".
Faciə ilə bağlı fikirlərini bölüşən Dağlıq Qarabağ Azərbaycanlı İcmasının sədri Bayram Səfərov vurğulayıb ki, bəzən dünya tərəfindən ölkəmizə qarşı ədalətsiz mövqe sərgilənməsinə baxmayaraq, ölkəmiz öz torpaqlarının azad olunması istiqamətində hər zaman mübarizə aparıb və bundan sonra da bu mübarizəni davam etdirmək niyyətindədir: "BMT neçə ildir ki, Qarabağla 4 qətnaməni qəbul edib. Lakin qətnamə yerinə yetirilmir. Liviya ilə bağlı qətnamə qəbul olunan kimi, yerinə yetirildi. Amma torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qətnamələr hələ də yerinə yetirilmir. Biz bu ayrıseçkiliyi görürük. Ona görə də biz mübarizəmizi daha da gücləndirməliyik. Bizə qarşı cinayət törədənlər öz cavabını verməlidir".
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə