Azərbaycanda gənc sahibkarlar üçün yeni imkanlar yaradılır YENİLƏNİB
Bu gün Bakı Biznes Mərkəzində keçirilən Gənclərin Sahibkarlıq Proqramının ("Youth Inc") 2-ci mərhələsinin təqdimat mərasiminə həsr olunmuş tədbir çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVD), "Coca-cola" şirkəti və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. SİA-nın məlumatına görə, memoranduma əsasən, ("Youth Inc") proqramının birgə inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması nəzərdə tutulur.
Gənclərin Sahibkarlıq Proqramının ("Youth Inc") 2-ci mərhələsinin təqdimat mərasiminə həsr olunmuş tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Coca-cola" şirkətətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletski, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri Seymur Hüseynov, gənclər təşkilatlarının, biznes şəbəkələrinin, müxtəlif şirkətlərin nümayəndələri, sahibkarlar və gənclər iştirak edib.
Tədbirdə gənc sahibkarlıq sahəsində yeni alətlərin təqdimatı keçirilib. Belə ki, gənc sahibkarlar üçün www.youthinc.az internet portalı təqdim olunub. Portal vasitəsilə gənc sahibkarlar sosial şəbəkə formatında ünsiyyət qurub, öz məhsul və xidmətlərini təqdim edib, eləcə də digər sahibkarlarla forum vasitəsi ilə məsləhət ala bilərlər. Yaxın zamanlarda portalda gənc sahibkarlara lazımi məlumatları təqdim etmək məqsədi ilə bloq fəaliyyət göstərəcək.
Coca-cola" şirkətətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletski bidlirib ki, istənilən cəmiyyətin gələcəyi bugünkü gənclikdən asılıdır: "Məhz bu səbəbdən "Coca-Cola" şirkətinin əsas strateji vəzifələrindən biri Azərbaycanda gənc sahibkarlığın potensialının tam realizəsini təmin etməkdir. Şirkətimiz dayanıqlı yerli cəmiyyətin inkişafına və dəstəklənməsinə vaxt, təcrübə və resurs ayıracaq".
Daha sonra Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev diqqətə çatdırıb ki, bu layihədən sonra gənc sahibkarların sayı artacaq: "Ölkədə həyata keçirilən gənclər siyasətinin ana xətti onların sosial rifahını yaxşılaşdırmağa yönəlib. Hər kəs bu işdə öz töhfəsini versə, inanıram ki, gənclərin məşğulluq problemi azalar. Fikrimcə, bu layihədən faydalanan gənclərin sayı çox olacaq".
Tədbirdə həmçinin, biznes inkubasiya sahəsində Azərbaycan dilində ilk olan "Youth Inc. Biznes İnkubassiya Proqramının Yaradılması və İnkişafı" kitabının təqdimatı da olub. Kitab "Azərbaycan Gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.1.6 "ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması" yarımbəndinin icrasına dəstək olmaq məqsədi ilə çap olunur. Sözügedən kitab biznes inkubasiya proqramının yaradılması üçün lazım olan nəzəri bilikləri özündə cəmləşdirir. Belə ki, kitabda həm biznes inkubatorun texniki-iqtisadi əsaslandırılması, həm də inkubatorun işə salınması və idarə olunması izah olunur.
Bundan başqa, "Youth Inc" proqramının 1-ci mərhələsi çərçivəsində görülmüş işlərlə bağlı hesabat verilib, fəal iştirakçılar sertifikatlarla təltif edilib.
Qeyd edək ki, "Youth Inc" bir neçə mərhələdən ibarət olmaqla, uzunmüddətli gənclər proqramıdır. Proqramın birinci mərhələsinə 2013-cü ilin yanvar ayında start verilib. Proqram paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsinə yönəlib. Sözügedən proqram gənclərin biznes yaratması üçün real imkanlar yaradır. "Youth Inc" proqramı bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstəyin yeni formatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB