Elşad İskəndərov: "Xocalı faciəsi əvvəlcədən düşünülmüşdü"

Elşad İskəndərov: "Xocalı faciəsi əvvəlcədən düşünülmüşdü"

"Xocalı soyqırımını törətməkdə məqsəd azərbaycanlıları qorxutmaq, digər işğallara yol açmaq idisə, digər bir məqsədi azərbaycanlılarının iradəsini qırmaq idi". SİA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Xocalı qətliamı ilə bağlı keçirilən anım tədbirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu faciəni törətməklə ermənilər ölkəmizi, əhalini vahiməyə salmağa çalışdılar: "Burada maraqlı fakt bu idi ki, o zaman faciəni törədənlər həmin ərazilərə heç bir xarici KİV buraxmırdılar. Lakin yalnız azərbaycanlı operator həmin faciələri lentə ala bilmişdi. Burda da siyasi məqsəd var idi. Onlar istəyirdilər ki, Azərbaycan xalqı bu kadrları görüb vahiməyə qorxuya düşsün. Lakin onlar düşünmürdülər ki, bu kadrlar sonradan onların vəhşiliklərini dünyaya nümayiş etdirmək üçün çox vacib vasitəyə çevriləcək. Bu gün biz həmin kadrlardan istifadə etməklə başımıza gətirilən bəlaları dünya ictimaiyyətinı çatdıra bilirik. Biz sözlə desək, Xocalı faciəsi əvvəlcədən ssenariləşmiş, hazırlanmış bir soyqırımı idi. Bu faciə hər bir azərbaycanlının qan yaddaşına həkk olunub. Ədalət bərpa olunmalıdır".

Ölkəmizdə faciənin tanıdılması ilə bağlı görülən işlərdən danışan komitə sədri söyləyib ki, bu gün ölkəmizdə faciənin tanıdılması istiqamətində mühüm işlər görülür: "Faciə ilə bağlı görülən işlər ölkə başçısının siyasətində əsas yerdə dayanuır. Faciənin dünyaya çatdırılmasında birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətləri var. Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" Kampaniyası vasitəsilə faciənin dünyada tanıdılması istiqamətində mühüm işlər görülüb".

E.İskəndərov həmçinin qeyd edib ki, müharibə şəraitində olan Azərbaycanda bəzilərinin başqa cərəyanlara uyması böyük qəbahətdir:" Azərbaycanda bu gün bəzi qüvvələr var ki, onlar gənclərimizi başqa yollara cəlb etməyə çalışırlar. Bu cür yollara cəlb edilməkdənsə, Qarabağ uğrunda döyüşmələri daha məqsədəuyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə