Partiya rəsmisi müxalifətin xaricdən qrant alması ilə bağlı məsələnin araşdırılmasını təklif edir

Partiya rəsmisi müxalifətin xaricdən qrant alması ilə bağlı məsələnin araşdırılmasını təklif edir

"Müxalifətin xaricdən qrant alması ilə bağlı fikirlər səslənirsə, demək ki, burada ciddi səbəblər var və bu məsələ hüquq mühafizə orqanları tərəfindən aydınlaşdırılmalı, onların maliyyə dəstəyini hardan alması müəyyənləşdirilməlidir". Bu sözləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov ölkə başçısının dövlət proqramlarının icrası ilə bağlı keçirilən iclasda müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifət düşərgəsinə artıq yeni nəfəs, yeni siyasi qüvvələr gəlməlidir: "20 illik fəaliyyəti heç bir səmərə verməyən radikal müxalifətin zamanı bitib. Onlar öz yerlərini başqalarına verməlidirlər. Bundan sonra onlar yeni qurum yaratsalar və ya hansısa yollarla nəsə etməyə çalışsalar da onun heç bir əhəmiyyəti olmayacaq. Əgər müxalifət həqiqətən də iş görmək istəyirsə, bir- biriləri ilə səmimi davranmalı, etibar etməlidirlər. Bunlar olmadıqda onların heç bir zaman irəli gedə bilməyəcək və gördükləri işin də perspektivi olmayacaq".

Radikal müxalifətin hazırki vəziyyətinin acınacaqlı olduğunu deyən Ə. Orucovun sözlərinə görə, radikal müxalifət "Milli Şura" adlanan qurum yaratsa da, heç nəyə nail ola bilmədi: " Bu qurum müəyyən dövr üçün yaradıldı və hazırda onun mövcudluğu yalnız formal şəkildədir. Toplumda olan daxili proseslər isə o qədər də cəmiyyətə təsir göstərmir. " Milli Şura" öz fəaliyyətini yekunlaşdırmaq üzrədir və yekunlaşdırmalıdır da. Əgər cəmiyyətdə heç nəyə təsir etmək gücünə malik deyilsə, onun mövcud olması kimə gərəkdir?".

Bütün xəbərlər Facebook səhifəmizdə