Asim Vəliyev: "Biz daim dövlətin qayğısını hiss edirik" MÜSAHİBƏ

“Azərbaycan inkişaf etdikcə onun gəncləri də inkişaf edir”
Asim Vəliyev: "Biz daim dövlətin qayğısını hiss edirik" MÜSAHİBƏ

"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyevin SİA-ya müsahibəsi

- Gənclər Təşkilatı sədri olaraq ölkədə aparılan gənclər siyasətini necə qiymətləndirirsiniz?

- Bir gənc kimi ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Gənclərlə iş cənab Prezidentimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Məhz 2011-ci ildə qəbul edilən "Azərbaycan Gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramı, gənclərin təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və s. bütün bunlar ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclərin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, məşğulluqları ilə bağlı problemlərin həlli və s. istiqamətlərdə mühüm işlər görülür. Bildiyiniz kimi Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının gənclərin mənzil problemlərinin həlli üçün ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi məsələsini gündəmə gətirib. Əminəm ki, gənclərimiz dövlət başçısının tapşırığı ilə ayrılan ipoteka kreditlərindən istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıracaqlar.

Mən özüm də şahidi oluram ki, gənclərə dəstək verdikdə, onlar daha da həvəslənir, təşəbbüsləri artır. Azərbaycan inkişaf etdikcə onun gəncləri də inkişaf edir.

- 2 fevral ölkəmizdə Gənclər Günüdür. Bir təşkilat olaraq bu günlə əlaqədar hansı işləri görməyi nəzərdə tutmusunuz?

- 2 fevral "Gənclər günü" ilə bağlı birlik olaraq Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının "N" saylı hərbi hissəsində konsert proqramı təşkil ediləcək və həmçinin birliyin fəalları ictimai işdə fəallığına görə təltif ediləcək.

- Təşkilatınız ötənilki fəaliyyəti nədən ibarət oldu?

- Bildiyiniz kimi "Gənclərin Töhfəsi" İctimai Birliyinin əsas fəaliyyət istiqaməti gənclərə milli-mənəvi dəyələrimizi, vətənpərvərlik ruhunu və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir. Bu istiqamətdə keçdiyimiz il bir çox layihə və tədbirlər həyata keçirmişik. 2013-cü ilin mart-aprel aylarında Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi" layihəsini, iyun-avqust aylarında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği" layihəsini, iyul ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi il birgə "Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizi altında IV hərbi vətənpərvərlik düşərgəsini, oktyabr-noyabr aylarında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizli layihəni icra etmişik. Eyni zamanda il ərzində müxtəlif səpgili təlimlər-seminarlar təşkil etmişik.

- Təşkilat regionlardakı gənclərlə bağlı nə kimi işlər həyata keçirir?

- Nəzərinizə çatdırım ki, təşkilatımız ötən il, yuxarıda da qeyd etdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə region gənclər arasında "İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi" layihəsini icra edib. Layihə çərçivəsində gənclərlə görüşlər təşkil edilib, dəyirmi masalar keçirilib və gənclər arasında "Mənim qüdrətli dövlətim" adlı kitab və maarifləndirici bukletlər paylanıb. 2014-cü ildə region gənclərinə yönəlik daha çox tədbirlər və layihələr icra etmək niyyətindəyik.

- 2014-cü ildə hansı işləri görməyi planlaşdırırsınız?

- Birliyimiz tərəfindən aparılan müşahidələr də bunu deməyə əsas verir ki, gənclərin peşəyönümü səhvləri həyatının sonrakı illərində mənfi fəsadlara səbəb olur. Məktəbi, ali təhsil müəssisələrini bitirən gənclər məşğulluq sahəsində ən çox problemlərlə rastlaşırlar. Məlumatsızlıqları, əmək bazarı, qanunvericiliyi sahəsində biliklərinin zəif olması sosial inkişaflarına mənfi təsir göstərir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq gənclərə, xüsusən də region gənclərinə xidmət göstərəcək peşəyönümü məsləhət mərkəzlərinin yaradılmasına ehtiyac vardır.

Birlik olaraq region gəncləri üçün peşəyönümü məsləhət xidmətinin inkişaf etdirilməsini məqbul sayırıq. Bu xidmət çevik, səyyar və Azərbaycan iqtisadiyyatının inkişaf meyarlarını nəzərə almalıdır. Bu istiqamətdə həm də informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməlidir. Gənclərin əmək vərdişlərinə yiyələnmələri və iqtisadi fəaliyyətin əsaslarını öyrənmələri üçün metodiki vəsaitlərin hazırlanmalıdır. Birlik olaraq bu sahədə bir çox tədbirlər həyata keçirməyi planlaşdırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə