“Ermənistan erməni diaspor təşkilatlarından pul qoparmağa çalışır” AÇIQLAMA

“Ermənistan erməni diaspor təşkilatlarından pul qoparmağa çalışır” AÇIQLAMA

"Ermənistanın son günlər cəbhə xəttindəki provakasiyalarının çox sadə izahı var. Onların bu addımlarının arxasında bir neçə səbəb dayanır. İlk səbəb ondan ibarətdir ki, bu gün düşmən ölkədə hakimiyyətin nüfuzdan düşməsi, hökumətin öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi, əhalinin sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb. Ona görə də Ermənistanın indiki hakimiyyəti diqqəti problemlərdən yayındırmaq üçün cəbhə xəttində provakasiyalar etməyə çalışır". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə açıqlamasında deyib.

Onun sözlərinə görə, düşmən ölkə vəziyyətdən çıxmaq üçün cəmiyyətin fikirlərini Ermənistan Azərbaycan münasibətlərinə, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə cəhd edir: "İş yerlərinin yoxluğu, az maaş, pensiyaların vaxtında verilməməsi Ermənistan əhalisinin durmadan köçməsinə səbəb olur. Bunu görən Ermənistan Azərbaycana qarşı təxribat xarakterli addımlar ilə insanların fikrini yayındırmaq istəyir. Ermənistan bu cür addımlarla ölkədə hərbi-vətənpərvərlik əhval ruhiyyəsi yaratmaqla yanaşı cəmiyyətə bugünkü vəziyyətinin hazırki hakimiyyətdən asılı olduğu ilə bağlı mesaj vermək istəyir".

Millət vəkili vurğulayıb ki, Ermənistanın ölkəmizə qarşı təxribat xarakterli addımlar atmasının ikinci səbəbi son dövrlərdə fəallaşan ATƏT-in Minsk qrupu çərçivəsində baş tutan görüşlərlə bağlıdır: "Hətta Ermənistan bir neçə kəndinin əhalisinin boşaltdığı barəsində yalançı informasiyalar da yayır. Məqsəd Azərbaycan ordusunu provakasiyaya çəkmək və ordumuzu Ermənistan ərazisinə daxil olmağa sövq etməkdir. Düşmən ölkə bundan istifadə edərək Azərbaycanı beynəlxalq ictimaiyyətdə işğalçı, Ermənistanın ərazi bütövlüyünü pozan dövlət kimi qələmə vermək istəyir".

Üçüncü səbəbinə gəlincə, A. Mirzəzadə qeyd edib ki, Ermənistan bu cür addımlarla erməni diaspora təşkilatlarından pul qoparmağa çalışır: "Ermənistanın apardığı siyasət ilk növbədə onun hərbi büdcəsində özünü göstərir. O, Azərbaycanla ayaqlaşmaq, yeni silahlar almaq gücündə deyil. Təsadüfi deyil ki, Ermənistanın prezidenti bir neçə gün bundan əvvəl yerli jurnalistlərlə görüşdə Azərbaycanla ayaqlaşa və ordunun yeni silahlarla təchiz edə bilmədiyini etiraf edib. Ölkəmizə qarşı atılan addımlarla Ermənistan həm xaricdən, həm də erməni diaspor təşkilatlarından hərbi büdcəsinə əlavə yardımlar almaq istəyindədir. O yaxşı bilir ki, Azərbaycan ordusu onun silahlı qüvvələrindən qat-qat üstündür və onun provakasiyasının kəskin cavabı veriləcək. Belə olan halda yenidən ənənəvi erməni ağlaşması və Ermənistanın təzyiqlərə məruz qalması haqqında nağıllar beynəlxalq aləmə ötürüləcək. Ümumi götürdükdə əsas səbəblər bunlardır. Lakin Ermənistan Azərbaycanla qarşıdurmada uduzduğunun, silahlı qüvvələrdə məğlubiyyətə uğradığının, canlı qüvvədə, texnikada itki verdiyinin kifayət qədər fərqindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə