Əhməd Oruc: “AXCP və Müsavatla eyni qurum altında birləşməyi düşünmürük”

Əhməd Oruc: “AXCP və Müsavatla eyni qurum altında birləşməyi düşünmürük”

"Partiyamızda müzakirələr apararaq belə qənaətə gəldik ki, indiki şəraitdə heç bir hərəkat yaratmağa ehtiyac yoxdur. Amma 2015-ci ilə qədər seçki planında dəyişikliklər etməyi qarşımıza məqsəd qoymuşuq". Bu fikirləri SİA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc partiyanın hərəkat yaradacağı haqqında yayılan fikirlərə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, onlara yaxın olan partiya rəsmiləri ilə məsləhətləşmələr apararaq ortaq məxrəcə gəlməyi düşünür: "Biz bütün partiyalarla əməkdaşlığa hazırıq. Azərbaycanın ümumi siyasi məsələlərində, xalqın milli maraqlarının qorunmasında birlik göstərərək hər hansı bir uğura imza atmağı düşünürük."

Lakin Əhməd Oruc iki partiyanı - AXCP və Müsavatla eyni qurum altında birləşməyəcəklərini də bildirib: "AXCP və Müsavat partiyaları ilə hər hansı bir qurum altında birləşməyi düşünmürük. Çünki onlarla hansı qurumda bir araya gəlmişiksə bir müddətdən sonra həmin qurumlar siyasi gündəmdən gedərək dağılıb. Hər dəfə də buna iradımızı bildirsək də, onlar öz partiya maraqlarını güdərək suallardan yayınıblar".

Əhməd Oruc onu da vurğulayıb ki, nə vaxtsa onlarla hansısa hərəkatda birləşmək istəsələr, yəqin ki, yox deməli olacaqlar: "Öz maraqlarını hər zaman önə çəkən, stabil mövqeyi olmayan siyasi həmkarlarımızla əməkdaşlıq etmək istəmirik. Özümüzü uğursuzluğa düçar olmaqdan sığortalamaq istəyirik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə