Politoloq: "Yaxın zamanlarda Ermənistan könüllü şəkildə..." Münasibət
"İlk olaraq qeyd etmək istərdim ki, Prezident İlham Əliyev ensiklopedik biliyə malik olan dövlət başçısıdır. Onun hər bir sözünün əsasında konkret arqumentlər dayanır. Bu baxımdan, ölkə başçısının regionlara səfəri zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərdə kifayət qədər tutarlı əsaslar var". Bu fikirləri SİA-ya açıqlamasında siyasi politoloq Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin regiona səfəri zamanı səsləndirdiyi "İndiki Ermənistan Azərbaycanın tarixi torpağıdır" fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident bu fikirləri ilə bir daha demək istəyirdi ki, Ermənistan tarixən özünün ərazisinə malik olmayan bir azlıq olub: "Bu gün onlar başqa dövlətlərin torpaqların hesabına özlərinə siyasi qurum yaratmağa çalışmış və bu istiqamətdə bir sıra cəhdlər ediblər. Prezident İlham Əliyev məntiqli şəkildə nəzərə çatdırdı ki, Ermənistanın özünün iddia etdiyi kimi, Dağlıq Qarabağ ərazisində tarixən heç bir erməni izi olmayıb. Nəinki Dağlıq Qarabağ, eləcə də Ermənistan dövlətində yerləşən ərazilər heç vaxt onların olmayıb".
Siyasi politoloq həmçinin qeyd edib ki, Ermənistanda vəziyyət davamlı olaraq kritikləşir: "Bu gün orada yaşayan insanları razı salmaq istiqamətində demək olar ki, heç bir iş görülmür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin ölkənin rəsmi şəxsləri də Ermənistanda vəziyyətin acınacaqlı olduğunu dilə gətirirlər. Hətta bu yaxınlarda Ermənistanın müdafiə naziri də ordudakı bərbad vəziyyətdən söz açmışdı. Bir sözlə, Ermənistan günü-gündən geri gedən dövlətdir. Bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda Ermənistan könüllü şəkildə Azərbaycanın qarşısında özünün hərbi və siyasi kaputilyasiyasını elan edəcək".
Erməni tərəfinin son günlər atəşkəs rejimini intensiv şəkildə pozmaları məsələsinə də aydınlıq gətirən politoloqun sözlərinə görə, son 1 ay müddətində cəhbə bölgəsində atəşkəs rejimi 100 dəfə pozulub: "Beynəlxalq ictimaiyyət də bu məsələyə reaksiya verməkdədir. Hətta ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik də bir neçə gün bundan əvvəl bu məsələdən narahat olduğunu dilə gətirmişdi. Ermənistan tərəfi isə atəşkəs rejiminin pozulmasında Azərbaycanı günahlandırır. Təbii ki, bunun üçün onların ortaya qoyacaq tutarlı arqumenti yoxdur. Ona görə də onların istəyi hər zaman iflasa uğrayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB