Əli Orucov: “Hazırda müxalifət düşərgəsinin elə bir gücü qalmayıb” MÜSAHİBƏ

Əli Orucov: “Hazırda müxalifət düşərgəsinin elə bir gücü qalmayıb” MÜSAHİBƏ

Müsahibimiz AMİP-in funksioneri Əli Orucovdur:

- Əli bəy, Müsavat Partiyasının Milli Şuradan çıxması AXCP-Müsavat qarşıdurmasının ağır nəticəsi kimi dəyərləndirmək olarmı?

- Hər bir partiyanın özünün müstəqil siyasi xətti var. Bu partiyalar strategiyasını, hədəflərini və kursunu müəyyənləşdirir. Lakin burada başqa məqamlar ortaya çıxır. Bu partiyalar arasında ilk növbədə razılıq var idi. Sonradan bu insanlar şəxsi ambisyaları üçün yolu yarımçıq tərk etdilər. Əsas məsələ burada həmin insanların müttəfiqini yarı yolda qoymasından söhbət gedir. Bu baxımdan, Müsavatın bu addımı başadüşülən deyil. Bu qurum yarananda bəyannaməsi var idi. Həmin bəyannamənin şərtlərindən biri də ölkədə siyasi sistemi demokratik yol ilə dəyişmək və fundamental azadlıqlara yol açmaqdan ibarət idi. Müsavatın bu qurumdan çıxmasının bəhanəsi ondan ibarət idi ki, bu qurum guya seçkilərlərlə bağlı yaranıb. Artıq seçkilər bitdiyindən bu qurumda qalmağın heç bir mənası yoxdur.

Ümumiyyətlə, bu iki partiya arasındakı çəkişmələr daim olub. Bu isə yaxşı bir hal deyil. Belə çəkişmələr cəmiyyətdə neqativ əhval-ruhiyyə yaradır.

- İsa Qəmbər bundan sonra İctimai Palatanın fəaliyyətini gücləndirməyə səy göstərə bilərmi?

- Hazırda müxalifət düşərgəsinin elə bir gücü qalmayıb. İctimai Palatanın isə sadəcə adı qalıb. Müsavat da Milli Şuranı tərk etdi. Bunun cavabı olaraq da Xalq Cəbhəsi Partiyası İctimai Palatanın işində iştirak etməyəcək. Beləliklə, hər iki qurum böhranlı bir vəziyyətə gəlib çıxdı. Bu hal gələcəkdə proseslərin normal inkişafına öz mənfi təsirini göstərəcək. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Əsas diqqət bu istiqamətə yönəlməlidir. Lakin müxalifətin bəzi qanadlarında daxili münasibətlərin aydınlaşdırılması prosesi gedir. Bu isə etik çərçivədən çıxıb. Artıq cəmiyyət bu proseslərə öz konkret mövqeyini ortaya qoymalı, onları ittiham etməlidir. Müxalifət daim böhranlı vəziyyətdə olub. Ona görə də, onlar birlik nümayiş etdirə bilmirlər. Bu isə göstərir ki cəmiyyət artıq bu proseslərdən bezib.

- Son günlər Milli Şurada təmsil olunanlar bir-birlərini məhkəməyə verəcəkləri ilə hədələyirlər. Bu məsələyə münasibətiniz necədir?

- Belə hal baş verərsə maraqlı olardı. Çünki bu zaman bir çox mətləblərə aydınlıq gələcək. Məhkəmə prosesi zamanı aydın olar ki, müxalifət adı altında bu insanlar öz şəxsi mənafelərini güdürlər, müxalifətin içərisində cəmiyyət üçün çalışan Azərbaycanın milli maraqlarını qoruyan, fədakarlıq edən qüvvələr yoxdur. Ortada sağlam rəqabət olmalıdır. Bir sözlə, müxalifət funksionerləri öz liderliklərindən, partiyalarından şəxsi mənafeləri üçün istifadə etməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə