“Azərbaycan builki danışıqlarda özünün hərbi, iqtisadi üstünlüyünü mühüm təsir vasitəsi kimi ortaya qoyacaq” AÇIQLAMA
"Ermənistanın yaşadığı siyasi-iqtisadi böhran, hakimiyyətlə ciddi qarşıdurmalar, ölkənin siyasi cəhətdən iflasa uğraması Dağlıq Qarabağ danışıqlarına öz təsrini göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Ermənistan hazırki vəziyyətini nəzərə alaraq qeyri-konstruktiv davranışlarını davam etdirə bilməz: "Əgər Ermənistan vəziyyətini gözə alarsa, o zaman düşünməlidir ki, zəif bir dövlətin danışıqlarda əvvəlki kimi ultimativ tələblərlə çıxış etməsi, işğal reallığını danışıqlara keçirməklə qeyri-konstruktiv davranışlarını davam etməsi mümkün deyil. Bu gün bütün vəziyyəti təhlil etdikdə görürük ki, Azərbaycan həm iqtisadi, həm siyasi, həm diplomatik, həm də beynəlxalq əlaqələr və digər baxımından Ermənistandan qat-qat öndədir. Bu amillər danışıqlara öz təsirini göstərməyə bilməz".
Millət vəkili vurğulayıb ki, əgər Azərbaycan Ermənistanın hazırki vəziyyətində olsa idi, o zaman düşmən ölkə hər vasitə ilə vəziyyətdən istifadə etmiş olardı: "Siz təsəvvür edin ki, Azərbaycan işğala məruz qalmış tərəf kimi tam zəifləmiş bir modeldə olmuş olsaydı, onun durumu necə olardı? Bunu proqnozlaşdırmaq o qədər də çətin deyil. Ermənistan ilk növbədə Qarabağın tanınması üçün addımlar atacaq, Azərbaycanın etirazlarına baxmayaraq, proses irəliləyən xətlə gedəcəkdi. Bir sözlə, düşmən ölkə hər bir vasitədən istifadə etməyə çalışacaqdı. Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan hər tərəfli yüksək inkişafa malikdir və bunun nəticəsində öz tərəfdaşlarını artırır. Görülən işlərin sayəsində Dağlıq Qarabağ məsələsində mövqeyimizi müdafiə edən ölkələrin sayı artır. Belə olan təqdirdə düşünürəm ki, 2014-cü ildə problemin həlli ilə bağlı danışıqlarda Azərbaycan özünün hərbi, iqtisadi üstünlüyünü bir mühüm təsir vasitəsi kimi ortaya qoyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB