Təhmasib Novruzov: “20 Yanvar faciənin törədiləcəyindən indiki müxalifətin xəbəri var idi”
Müsahibimiz Azadlıq Hərəkatçıları birliyinin sədri Təhmasib Novruzovdur
- Təhmasib bəy, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqının başına gətirdiyi faciənin sovet imperiyasının iç üzünün açlmasında nə kimi rolu var idi?
- Sovet imperyası iç üzünü Qazaxıstan, Tiflis, xüsusilə də Bakı hadisələrində açdı. O zaman qeyri rus millətlərinə baxış birmənalı deyildi. Sözdə demokratiyadan danışan imperiyanın əməli buna cavab vermirdi. 20 Yanvar faciəsi artıq 1989-cu ilin sonları, 1990-cı ilin əvvəlinə hazırlanmışdı. Onun tarixi müxtəlif vaxta təsadüf edə bilərdi. Öz azadlığı uğrunda ayağa qalxmış xalqı yerində oturtmağa çalışanların belə bir addım atması gözlənilirdi. Amma bu qədər vəhşiliklə insanlara qarşı faciə törədiləcəyi ağılasığmaz idi. Azərbaycan xalqına qarşı bu cür amansızlığın törədilməsi Kremlin siyasətinin hansı istiqamətdə yönləndiyinin göstəricisi idi. Onların başında dayananların necə "humanist", "demokratik" olduqlarının bariz nümunəsi məhz 20 yanvar faciəsində özünü göstərdi.
- Sovet ordusunun Bakıya girməsini baş qaldıran milli azadlıq hərəkatından SSRİ-nin narahat olması kimi dəyərləndirmək olarmı?
- O zaman Sovet imperyası kimi dünyaya meydan oxuyan bir imperiyanın dağılacağını heç kim proqnozlaşdırmırdı. Sovet imperiyası öz bütövlüyünü qoruyub saxlamağa çalışırdı. SSRİ-nin əsarətində olan digər ölkələrdən fərqli olaraq Azərbaycan xalıqı azad olmağa niyyətli idi. İllərlə əsarət altına alınan dövlətimiz bununla heç vaxt barışmayıb, əksinə azadlıq uğrunda öz gücünü, bacarığını sərgiləməyə çalışıb. Xalqımızın belə mübarizliyi təbii ki, sovet imperiyasını qorxuya salırdı. O zaman Mixail Qarbaçov qurultayların birində belə bir fikir səsləndirmişdi ki, Azərbaycan tətillər keçirməklə SSRİ-nin iqtisadiyyatını çökdürür. Görünən odur ki, Azərbaycanda keçirilən tətillər hətta SSRİ-nin iqtisadiyyatına da zərbə vururdu. Heç bir halda Moskva istəməzdi ki, Azərbaycanda azadlıq hərəkatı baş qaldırsın. 20 yanvar faciəsinin törədilməsinin kökündə bilavasitə Azərbaycanda gedən azadlıq hərəkatını susdurmaq dururdu.
- O zaman xalqın önündə gedən bəzi cəbhəçilərin 20 Yanvar faciəsi günü meydanda görünməmələri həmin insanların SSRİ-ilə əməkdaşlığından xəbər verirmi?
- SSRİ imperiyası o zaman 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsinini içərisinə özlərinə lazım olan insanları yerləşdirmişdi. Bəzi nüfuz sahiblərinin "Yurd" birliyi adı altında birləşdirilərək AXC-yə qoşulmasında SSRİ-nin rolu var idi. Bu danılmaz bir faktdır. Bu insanlar AXC-ni istədikləri istiqamətdə yönləndirə bilirdilər. Onlar sifarişlərini məhz Moskvadan alıb burada həyata keçirirdilər. 1989-cu ilin oktyabr ayında Moskva gördü ki, Azərbaycanda gedən azadlıq hərəkatı onların verdikləri planadan tamamilə kənara çıxıb. Azadlıq hərəkatının qarşısını almaqdan ötrü Xalq Cəbhəsinin içərisinə salınan adamlardan istifadə olundu və istədiklərinə nail oldular. Faktlara söykənərək tam əminliklə deyirəm ki, 20 Yanvar faciənin törədiləcəyindən İsa Qəmbər və onun yaxın ətrafının xəbəri var idi.
- Son illərdə 20 Yanvar faciəsi ilə bağlı aparılan araşdırmalarda daha hansı yeni faktlar üzə çıxıb?
- O zaman beynəlxalq səviyyədə Azərbaycanda baş verən faciəni dünyaya çatdırmağa bizim imkanlarımız çatmırdı. Hazırda Cənab prezidentin apardığı müdrük siyasət nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bu gün baş verən hadisə ilə əlaqədar bir çox tədqiqat materialları toplanılır cəmiyyətə çatdırılır. Hər bir azərbaycanlı zaman-zaman xalqının başına gələn hadisələri təhlil edərək, özünə bunlardan bir dərs, bir örnək çıxardır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB