Hikmət Babaoğlu: “Azərbaycan-NATO əlaqələri indiki mərhələdə yüksək dövrünü yaşamaqdadır”
"Azərbaycan müstəqilliyini əldə etdikdən sonra hərbi siyasi blok kimi əməkdaşlıq etdiyi güc mərkəzlərindən birinin NATO olduğu hər kəsə məlumdur. Bu gün NATO ənənəvi hərbi blok olmaqla yanaşı, yumşaq güc kimi, hərbi siyasi mərkəz kimi fəaliyyət göstərir. Bu qurumun adı hərbi olsa belə, fəaliyyət istiqamətlərində daha çox Qərbə inteqrasiya, Qərb ölkələri ilə əməkdaşlıq, problemlərin hərbi yolla deyil, müxtəlif siyasi vasitələrlə həll olunması müşahidə edilir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycan-NATO münasibətlərinə toxunarkən deyib.
Politoloq qeyd edib ki, Avropaya inteqrasiya edən Azərbaycan üçün bu təşkilatla əməkdaşlıq olduqca perspektivli və Azərbaycanın milli maraqlarına uyğundur: "Ölkə prezidentinin Brüsselə səfəri və səfər çərçivəsində edilən müzakirələr bir daha onu göstərdi ki, Azərbaycan-NATO əlaqələri indiki mərhələdə yüksək dövrünü yaşamaqdadır. Cənab prezident də Azərbaycan-NATO münasibətlərini strateji əlaqələr kimi səciyyələndirdi. Dünyada mövcud olan müxtəlif qaynar nöqtələrdə Azərbaycan-NATO ilə əməkdaşlıq çərçivəsində hərbi kontingentlərin tərkibində iştirak edir. Bu da dünyada sülhün bərqarar olmasına öz tövhələrini verir".
Hikmət Babaoğlu onu da vurğulayıb ki, bütün beynəlxalq əməkdaşlıqların mahiyyəti və məzmununda ilk növbədə Azərbaycanın milli maraqlarının təmin olunması, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ probleminin həll olunması məqsədləri durur: "Brüsselə səfər çərçivəsində məsələyə toxunan cənab Prezident bir daha qeyd etdi ki, Ermənistan nə qədər tez mövcud siyasi reallığı obyektiv dəyərləndirməyi bacararsa, bir o qədər də Dağlıq Qarabağ problemi öz həllini tez tapar. Bu çağırış Azərbaycanın dünyadakı nüfuzunun dünyaya təqdim olunması idi. Cənab Prezidentin Brüsel səfəri istər Azərbaycanın hərbi-siyasi, iqtisadi güc mərkəzi kimi regionda yerinin və fəaliyyətinin müəyyənləşməsi baxımından, istərsə də Avropanın müxtəlif siyasi və hərbi-siyasitəşkilatları ilə əməkdaşlığının qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli bir səfərdir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB