“Ölkə başçısının “2013-cü ilin adamı” seçilməsi onun uğurlu siyasətinə verilən qiymətdir” AÇIQLAMA

“Ölkə başçısının “2013-cü ilin adamı” seçilməsi onun uğurlu siyasətinə verilən qiymətdir” AÇIQLAMA

Ölkə başçısının "2013-cü ilin adamı" seçilməsi onun gördüyü işlərə, apardığı uğurlu syasətə verilən qiymətdir. Bu sözləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan etməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevə verilən bu ad onun ölkəyə yüksək səviyyədə rəhbərlik etməsi və ötən il keçirilən Prezident seçkilərində birmənalı şəkildə xalqın dəstəyini almasını əks etdirir: "10 il müddətində ölkə başçısı tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan indiyə qədər keçmədiyi bir inkişaf yolu keçib. Ölkəmizin daxili siyasəti ilə yanaşı, xarici siyasətində də çox böyük uğur və nailiyyətlər əldə olunub. Bütün bunların nəticəsidir ki, ölkə başçısı artıq neçənçi dəfədir ki, həm yerli, həm də xarici təşkilatlar tərəfindən bu ada layiq görülür".

G. Baxşəliyeva vurğulayıb ki, ötən il ölkəmizdə mühüm işlər görülüb, uğurlar əldə olunub: "İldən-ilə xalqımızın rifah halı yüksəlir. Ölkə iqtisadiyyatımız təkcə ölkə daxilində deyil, həmçinin sərhədlərdən də kənarda öz gücünü göstərməkdədir. Ötən ilin ən mühüm işlərindən biri " Şahdəniz 2" layihəsinin reallaşdırılması ilə bağlı əldə olunan razılaşmalardır ki, bu layihə " Əsrin Müqaviləsi" nə bərabər tutulan bir layihədir. Onun ölkəmiz üçün əhəmiyyəti isə hər kəsə məlumdur".

Millət vəkili həmçinin bildirib ki, ölkə başçısının bu titula layiq görülməsi onun yüksək nüfuza malik olduğunu bir daha ortaya qoyur: "Prezident İlham Əliyev gördüyü işlərlə dünyada yüksək imic qazanıb. Bütün bunlar təbii ki, bir azərbaycanlı olaraq hər birimizi sevindirir. Çünki, dövlət başçısının dünyada yüksək nüfuza malik olması, ölkəmizin gələcək uğurlarından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə