“Borçalı İrəli İctimai Birliyi”nin təsis konfransı keçirilib

“Borçalı İrəli İctimai Birliyi”nin təsis konfransı keçirilib

Gürcüstanın azərbaycanlı gənclərinin təşəbbüsü ilə "Borçalı İrəli" İctimai Birliyi təsis olunub. SİA-nın verdiyi xəbərə görə, Məhəbbət İmanov "Borçalı İrəli " İctimai Birliyinin sədri, Elşən Vəliyev isə icraçı katibi seçiliblər.

Birliyin üzvləri Ulu Öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstləri qoyduqdan sonra soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində təşkilatın ilk toplantısını keçiriblər. .

Birliyin ilk toplantısında Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov iştirak edib.

Birliyin sədri Məhəbbət İmanov açıqlaması zamanı bildirib ki, yeni təsis olunmuş "Borçalı İrəli" İctimai Birliyinin ilk tədbirini Ümummilli Liderimizin Gürcüstan paytaxtındakı abidəsinin ziyarəti ilə başlamaqla dünya azərbaycanlılarının ümumi amal uğrunda birləşib təşkilatlanması və xarici ölkələrdə yaşayan soydaşların durumunun yaxşılaşdırılması yönündə əvəzsiz xidmətləri olan dünya miqyaslı siyasətçi Heydər Əliyev ideyalarına sadiqliyimizi bir daha nümayiş etdirdik. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" deyən Ulu Öndərin müəyyənləşdirdiyi siyasət milli-mədəni dəyərlərimizin qorunub saxlanması istiqamətində öz böyük bəhrələrini verməkdədir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli Liderin müdrik siyasətini uğurla davam etdirməsi bizi gələcəkdə böyük nailiyyətlər əldə etməyə ruhlandırır. Təşkilatımızın yaradılması da gənclərimizi məhz bu ideyalar ətrafında daha sıx birləşdirmək məqsədi güdür.

Birliyin gələcək fəaliyyət planları, məramı barədə söhbət açan Məhəbbət İmanov qeyd edib ki, Azərbaycanın "İrəli" İctimai Birliyinin üzvlərinin bir qrupu Yeni il qabağı Gürcüstana səfər etmişdi. Onların fəaliyyəti ilə tanış olduqdan sonra Borçalıda belə bir təşkilat təsis etməyi və "İrəli" İctimai Birliyi ilə işimizi əlaqələndirərək gənclərimizin, o cümlədən gürcü gənclərinin Azərbaycan həqiqətləri barədə daha ətraflı məlumatlandırılması, azərbaycanlı gənclərin Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirakı, cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və başqa önəmli məsələlərin həllinə xidmət göstərməyi qərara aldıq.

BİİB-nin sədri qeyd edib ki, yeni təsis olunan təşkilatın Azərbaycanda fəaliyyət göstərən "İrəli İctimai Birliyi" və "Borçalı İctimai Cəmiyyəti" ilə heç bir əlaqəsi yoxdur. "Təşkilatımız demokratik və şəffaf prinsiplərə uyğun qurulub və Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Gələcəkdə "İrəli" adlı qəzet də nəşr etməyi planlaşdırırıq".

Təşkilat sədri vurğulayıb ki, birlik əksər təşkilatlarla əməkdaşlığa hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə