Açıq Cəmiyyət Partiyasının (ACP) keçmiş lideri Rəsul Quliyev ölkə müxalifətinin hazırkı vəziyyətini şərh edərkən, yenidən düşərgə liderlərini ittiham edib. SİA-nın məlumatına görə, Rəsul Quliyev bütövlükdə AXCP sədri Əli Kərimlini, Müsavat baqşanı İsa Qəmbəri, Milli Şuranın sədri Cəmil Həsənlini, "El" Hətəkatının sədri Eldar Namazovu, Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovu kəskin şəkildə qınayaraq, onların hər birinin müxalifətin zəifləməsində rolları olduğunu bildirib: "Cəmil Həsənlinin özünü müxalifətin lideri elan etməsi müxalifətin zəifləməsini istəməkdir, gedib yenə müəllimliyini etməlidir"-deyə qeyd edən eks-spiker əlavə edib ki, 2013-cü il avqustun 21-də, Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar verilən sonra Milli Şura faktiki yoxdur".
Ənənəvi müxalifətdə fəaliyyət göstərən AXCP və Müsavat partiyalarını yalnız onlara yaxınlığı ilə seçilən mətbu orqanların hesabına ayaqda qala bildiklərini deyən Rəsul Quliyev həmin qəzetlərin onlara dəstək olmadığı halda siyasi səhnədən gedəcəklərini iddia edib: "20 illik Müsavat Partiyası və AXCP məğlubiyyətlərini veclərinə almayıb, fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Onların mövcud olmasının ancaq bir səbəbi var. "Yeni Müsavat" və "Azadlıq" qəzetləri bu partiyalara dəstək verməsələr, bütün mətbuat orqanları kimi bu partiyaların işinə yanaşsa, bu partiyalar bir aydan sonra yoxa çıxar".
Qarşıdakı illərdə də müxalifətin heç nə əldə edə bilməyəcəyini bildirən Rəsul Quliyev Azərbaycan müxalifəti haqqında danışmağı gülünc hesab etdiyini deyib: "Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var. Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub, pozulacaq. 2015-ci ildə yenidən guya nəsə yaratmağa cəhd edəcəklər. 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 20 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də Azərbaycanda müxalifətdən danışmaq gülüncdür".
Sabiq ACP lideri hazırda Müsavat Partiyası və AXCP rəhbərliyinin siyasətdən getmələri üçün fəaliyyət göstərdiyini gizlətməyib və iddia edib ki, buna nail olmaq üçün əlindən gələni edəcək. Belə ki, o, köhnələrin yeniləri ilə əvəzlənməsi tərəfdarı olduğunu bildirib: "Hələ ki, mənim məqsədim qismən cavanların qarşısını kəsən, siyasət meydanına daxil olmağa imkan verməyən "əjdahalar"ın - Müsavat Partiyası və AXCP liderlərinin siyasətdən getməsi və yeni qurumların yaranmasına nail olmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm".
Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov kimi fiqurların gələcəklərinin olmadığını vurğulayan Rəsul Quliyev bird aha qeyd edib ki, onlar siyasətə təsadüfən gəliblər: "Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmayan bir adamdır, təsadüfən siyasətə gəlmişdi, nə formada siyasəti davam etdirdiyini bilmirəm. Ancaq onun həddindən artıq maraqlı sənəti var, o sənətini davam etdirəcək. Ziyalılar Forumu yaratmışdı, ola bilər ki, Ziyalılar Forumunun çərçivəsində işlərini davam etdirsin, müəyyən tövsiyə xarakterli qərarlar qəbul etsinlər. Cəmil Həsənlinin gələcəkdə nələr edəcəyini deyə bilmərəm. Bir onu deyə bilərəm ki, Cəmil Həsənlinin müxalifətdə qalması, özünü müxalifətin lideri elan etməsi Azərbaycanda müxalifətin zəifləməsini istəməkdir. Cəmil Həsənlinin liderlik keyfiyyəti, xarizması yoxdur. Cəmil Həsənli əvvəlcə necə müəllimliklə məşğul idi, yenə də müəllimliyini etməli, tarixini yazmalıdır. O, bu işlərə qarışmamalıdır, çünki bu işlərə onun gücü çatmaz. Eldar Namazova gəldikdə, Açıq Cəmiyyət Partiyası kimi yaratdığı "El" Hərəkatını yenidən formalaşdırmaq üçün hansısa işləri görür. Müsavat Partiyası və AXCP-nin timsalında qeyd edim ki, 8 dəfə seçkiləri uduzan adam əgər birinci məğlubiyyətdən sonra bu məğlubiyyətin səbəbini axtarmırsa, öz işini yenidən qurmaq üçün öz təşkilatını rekonstruksiya etmirsə, onların gələcəyi yoxdur. Eldar Namazov da bunu başa düşür və rekonstruksiya ilə məşğuldur. Ancaq bu o demək deyil ki, Eldar Namazov nəyəsə nail olacaq, bunu gələcək göstərəcək. Özlərini böyük partiya adlandıranlar rekonstruksiya barədə düşünmək istəmirlər, bəla buradadır".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB